E-mail: [email protected]
Azərbaycanda dövlət qurumları və şirkətləri yerli istehsalçılara yönəldiləcək
“Növbəti istiqamət büdcə təşkilatlarının, dövlətə məxsus şirkətlərin daha çox yerli istehsalçılara, yerli xidmət göstərən şirkətlərə köklənməsi qarşıda olan imkandır”.
Turkdunyasi.Az xəbər verir ki, bunu “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransında Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, kapitalın mənşəyi elə də böyük əhəmiyyət kəsb etmir, lakin milli kapitala üstünlük veriləcək:
“Üstünlük verərdik ki, bu milli kapital olsun. Bu birgə müəssisələr də ola bilər. Bu sahədə sirr deyil ki, bir çox hallarda bu imkanları reallaşdırmamışıq. Yaxın dövrlərdə bununla bağlı bir təşəbbüsə başlanılacaq, bu fəaliyyətin flaqmanı dövlətin ən böyük şirkəti olan SOCAR olacaq.
SOCAR-ın müvafiq siyasətləri, dəyər zəncirinin ehtiyatlarının satın alınmaların, avadanlığın təchizat zəncirinin, yenidən qiymətləndirilməsi prosesi baş verir. Bu iş möhtərəm prezident İlham Əliyevin tapşırığı əsasında, Müşahidə Şurası, şirkətin yeniləşmiş rəhbərliyi tərəfindən həyata keçirilir. Bu işin əsas məqsədi yerli iqtisadiyyatda olan töhfəni və dəyəri artırmaqdır. Bu hansı imkanlar açır? Bu sahədə fəaliyyət göstərən hansı sahibkarlarımız var? Qeyd etdiyim kimi, bu dövlətin bütün iri təşkilatlarının qarşısında duran əsas hədəflərindən biridir”.