14 
avq
2024
20:27
102

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Susuz qalmış camaata Şirinin Fərhadı lazımdır..

14 avq, 2024
20:27
7102

"O, əjdahadan xaricdə varsa, bizdə niyə yoxdur?"

Allah sənə rəhmət eləsin, Mirzə dayı, səndəki bu adrenalin həvəsi və bu həvəsdən qaynaqlanan arzu xalqın axırına çıxmaq üzrədir. Deyəsən, qurban olduğum bu komediya janrında yazılmış ssenarini ciddi qəbul edib.

Di gözün aydın olsun, indi bizdə o, əjdahadan daha betəri peyda olub. 2021-ci ildən bəri Allahın suyunu kimisi dava-dalaşla, kimisi rüşvətlə əldə edə bilir.

Bu durumdan narazı camaat 21-ci əsrdə "əliçıraqlı Məlikməmməd axtarır". Çünki, real olan aidiyyatı qurumlar xalqın hər sahədəki saysız-hesabsız şikayətlərini, ərşə qalxan naləsini elə xalqın özünün dili ilə desək, veclərinə almırlar. Ona görə də ümid qalıb nağıl qəhrəmanlarına qalıb.

2021-ci ildə "Meliorasiya və Su Təsərrüfatı" açıq səhmdar cəmiyyətinə rəhbər təyin olunan Zaur Mikayılov özü kimi "Araz aşığından, Kür topuğundan" olan yaxınlarını, dostlarını da başına yığıb, üstəlik onlara sərbəstlik də verib ki, xalqın həm əsəblərini gərsinlər, həm də cibini soysunlar.
Elə bu qohum, dost rahatlığından irəli gəlir ki, bölgələrdə su üstündə qardaş qardaşa hücum çəkir, düşmən olur. Xüsusilə də isti yay fəslində və əkin təsərrüfatı vaxtı bu qurumun əməkdaşları daha da amansız, rəhbəri "gözü-qulağı qapalı" olur.

"DogruXeber.az" vətəndaş müraciətlərinin çoxluğu və bu sahədəki yeyinti hallarının həddindən artıq çox olması səbəbilə illərdir ki, tez-tez bu mövzuya toxunmaq məcburiyyətində qalır. Buna misal olaraq, Zərdab, Kürdəmir, Saatlı, İmişli, Sabirabad, Balakən, Zaqatala, Ağdam və sair rayon Suvarma Sistemləri İdarələri barəsindəki məlumatları misal gətirə bilərik. Həmçinin Sumqayıt şəhəri və bəzi qəsəbələrində, eləcə də Abşeron rayonunda - "Qurd dərəsi" adlanan ərazidə hətta, su əldə edə bilmək üçün keçmiş "Azərsu" əməkdaşına külli miqdarda rüşvət vermələrinə rəğmən susuzluqdan bu gün də əziyyət çəkdiklərini dəfələrlə vurğulamışıq.

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Amma, ölkənin bir çox ərazilərində mövcud olan bu problem sürətli addımlarla paytaxtın mərkəzinə qədər gəlib çıxdı.

"DogruXeber.az" xəbər verir ki, Yeni Yasamal 1 və 2 ərazilərində yaşayan sakinlər redaksiyamıza müraciət edərək, iki gündür yayın bu qızmar çağında susuz qaldıqlarından gileyləniblər.

21-ci əsrdə Arazı, Kürü və digər çayları ilə məşhur olan Azərbaycana Kərbəla müsibəti yaşadan Zaur Mikayılov bu biganəliyi ilə də inkişafdan bəhs edən Azərbaycanın "ağzının üstünə sərt şillə ilişdirmiş oldu". 


İnkişaf etmiş ölkədə Oğuz-Qəbələ magistral su borusu partladığı üçün, minlərlə vətəndaş susuz qalıb.

Su kəmərində qəza baş verməsinə səbəbin özü də hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, bundan əlavə mütəmadi olaraq, "qara nidalı" tender müqavilələri bağlayan, hələ bu da azmış kimi dövlət əmlaklarını qanunsuz olaraq, sahibkarlara icarəyə verib pullar alan, müxtəlif bəhanələrlə insanlardan rüşvət alan qurum adına biabırçılıqdır.

Əldə etdiyimiz məlumata görə respublikanın bir çox ərazilərini birləşdirən əsas su boruları istismar müddətlərini çoxdan başa vursalar da, hələ də yeniləri ilə əvəz edilməyib.

Yeri gəlmişkən, ötən yazılarımızda boruların niyə yenilənmədiyinə qısaca aydınlıq gətirmək üçün əvvəllər Qorxmaz Hüseynovun, bu gün də Zaur Mikayılovun yanında yüksək mövqe tutan Köçərli Həsənovun Qaradağ rayonunda dəyəri yüz minlərlə hesablanan əsas boruların qara yollarla həyata keçirilən satışında adı xüsusi hallandırıldığından bəhs etmişdik.

Bu kimi yeyinti hallarının sayı əvvəl "Meliorasiya və Su Təsərrüfatı" ASC-də, indi də Dövlət Su Ehtiyatları agentliyində saymaqla bitməyəcək qədərdir və bütün bunlar da birbaşa dövlət büdcəsinə ziyan vurmaqdır. Dövlət bütün maddi gücünü və iqtisadi əlaqələrini Qarabağımızı yenidənqurmaq üçün səfərbər etdiyi bir vaxtda, Zaur Mikayılov və onun komandası hərəsi bir tərəfdən dövlət büdcəsinə "düdük uzadıb, büdcəni sovururlar".

Zaur Mikayılov isə tərəfimizdən göndərilən rəsmi sorğulara, edilən müraciətlərə, şikayətlərə qarşı "gözünü yumub, yoqa vəziyyəti alıb".

Bütün bunları diqqətlə analiz edəndə, adama elə gəlir ki, Zaur Mikayılov ölkə başçısına qarşı sanki qərəz aparır, bu həssas dönəmdə qəsdən xalqı dövlətdən, hakimiyyətdən narazı salmağa, xalqı etiraza qaldırmağa çalışır.

Bu qədər insanların su haqqını özlərinə rüşvətlə verən, dövlət əmlaklarını şəxsi məqsədləri üçün istifadə edən, dövlət büdcəsini tender və sair kimi adlarla talan edən, bütün bunlarla qane olmayıb, minlərlə insanı işsiz qoyan, işləyənlərin əmək haqqlarını azaldan, heç bir müraciəti və şikayəti vecinə almayan bir qurum rəhbəri nə xalqın, nə hakimiyyətin dostu ola bilməz.

Bu işdə bir iş var....

Mövzuya qayıdacağıq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bizimlə əlaqə saxlayın