E-mail: [email protected]
Formula 1-lə bağlı 100-dən çox tibb işçisi təhkim olundu - Fotolar
2024-cü il Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün 30-dan çox (ehtiyat briqadalarla birlikdə) təcili tibbi yardım avtomobili, ümumilikdə 132 tibb işçisi təhkim olunub.
“Qafqazinfo” xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün təhkim olunan tabeli tibb müəssisələrinin tibb heyəti ilə görüşüb.
TƏBİB rəhbəri yarışlarda tibbi xidmət göstərəcək təcili tibbi yardım briqalarına baxış keçirib və proseslə yaxından tanış olub.
Yarış xətti boyunca iştirakçılara, Formula-1 çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları Bakıda təşkil olunan 2024-cü il Formula-1 Azərbaycan Qran Prisi üzrə idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün dənizkənarı bulvar boyu 6, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 təcili tibbi yardım avtomobili olmaqla, ümumilikdə 132 tibb işçisindən ibarət təcili tibbi yardım briqadaları təhkim olunub.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
12-15 sentyabr tarixlərində Bakı Kristal Zalda keçiriləcək tədbirdə isə 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək.
Qeyd edək ki, TƏBİB 5 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.