

E-mail: turkdunyasi.az@mail.ru
Həkim mama-ginekoloq barəsində cinayət işinin istintaqı tamamlanıb

"Yeni Klinika" publik hüquqi şəxsin (PHŞ) Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, iş üzrə keçirilmiş çox sayda ekspertiza rəyi və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da "Yeni Klinika" PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.



