E-mail: [email protected]
Zaqatalada itən turistin qardaşının başına İŞ GƏLDİ: əməliyyat oluna bilər...
Zaqatalada itkin düşən hindistanlı turistin qardaşının başına iş gəlib.
Lent.az-ın əldə etdiyi məlumata görə, itkin düşən turistin Zaqatalada olan qardaşı Dharan Kondaveetinin səhhətində problem yaranıb. Boğazında irinləmə yaranan Dharan dərhal Zaqatala Diaqnostika Mərkəzinə müraciət edib.
Xəstəni müayinə edən həkim-cərrah İlqar Rəhimov Lent.az-a açıqlamasında bildirib ki, əcnəbi vətəndaşın çənəaltı nahiyəsində “abses” əmələ gəlib: “Xəstə bizə müraciət edən kimi ona ilkin müalicə təyin etdik. Bir neçə günə müsbət nəticə olmasa cərrahi müdaxilə ilə yara açılacaq və ora yığılan irin boşaldılacaq. Xəstənin təhlükəli durumu yoxdur”.
Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
O itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəlib. Onlar hələ də rayondadırlar.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
49 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.