E-mail: [email protected]
Əlilliyi olan şəxsi döyənlər niyə həbs olunmur? - AÇIQLAMA
Masallı rayonunda I qrup əlilliyi olan Emin Əhədovu döyənlərin həbs olunmadığı iddia edilib.
Bu barədə Oxu.Az-ın redaksiyasına döyülən şəxsin yaxınları müraciət edib.
Bildirilib ki, E.Əhədov döyülüb və qolu sındırılıb:
“Zərərçəkən Bakıda ağır əməliyyat keçirib və bir ay xəstəxanada qalıb”.
İddia edilib ki, hadisəni törədən Spartak Nadirov və Azər Nadirov 40 gündən çoxdur həbs olunmur.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin faktla bağlı Masallı Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb:
“Araşdırma davam etdirilir. Emin Əhədovun aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün ilkin ekspertiza rəyi onun stasionar qaydada müalicə aldığı müddətdə verilib və müalicəsi artıq başa çatdığından əlavə ekspertiza təyin ediləcək. Həmin ekspertizanın rəyindən və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.