E-mail: [email protected]
Məktəbli qızın döyülməsi: Direktor və icra başçısının müavini məsuliyyətə cəlb olunacaq?
Daxili İşlər Nazirliyi Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı daha bir açıqlama yayıb.
Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev “Qafqazinfo”ya açıqlmasında bildirib:
"Həmin məsələ ilə bağlı 14 iyul tarixində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında ilkin araşdırma aparılıb.
Məhkəmə-tibbi ekspertizası təyin edilib və azyaşlı qız müvafiq qaydada müayinədən keçirilib. Lənkəran Rayon Prokurorluğunun tələbi əsasında araşdırmanın davam etdirilməsi və qərar qəbul edilməsindən ötrü 15 iyul tarixində toplanmış material aidiyatı üzrə Rayon Prokurorluğuna göndərilib. Hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma davam etdirilir”.
İddialara görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qıza attestat vermək adı ilə onu evə çağırıb. Daha sonra qıza fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olduğu bildirilir.