E-mail: [email protected]
Sərnişinlərin həyatını təhlükəyə atan sürücü saxlanıldı
Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən videogörüntü yayımlanıb.
Baş DYP İdarəsi tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşrut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes-Benz” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb.
Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilib, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb.
14:08
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Cəlilabadda avtobusda qaz balonunun yandırılması ilə bağlı görüntülərə münasibət bildirib.
AYNA-dan bildirilib ki, artıq sürücü xətdən kənarlaşdırılıb:
“Avtobusda qaz balonu yandıranın “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırovun olduğu məlum olub. Sürücü qaz balonunun mikroavtobusda əyləşən sərnişinlərdən birinə aid olduğunu və salonu qızdırmaq üçün yandırdığını bildirib. Buna baxmayaraq, belə təhlükəli hərəkətin təkrar baş verməməsi üçün sürücü barədə tədbir görülüb və xətdən kənarlaşdırılıb”.
10:28
Cəlilabad rayonunun ictimai nəqliyyatı bərbad vəziyyətdədir.
Rayon daxilində fəaliyyət göstərən avtobuslar standartlara cavab vermir.
Belə ki, marşrut xətlərinin birində kiçiktutumlu avtobusun isitmə sistemi işləmir. Elə bu səbəbdən də sürücü salonu isitmək üçün maye qaz balonu yandırır.
Baş verəcək ən kiçik qəzanın necə böyük faciələrə səbəb olacağı isə hər kəsə məlumdur.