E-mail: [email protected]
Ucar Xəstəxanasında DƏHŞƏT – Başqasında istifadə olunmuş tibbi ləvazimatdan körpə KOMAYA düşdü
Ucar rayon Mərkəzi Xəstəxanasının həkimləri azyaşlı körpəni şikəst ediblər.
Bu barədə Bizim.Media-ya körpənin atası Vasif Həşimov şikayətlənib. Onun sözlərinə görə doğulandan heç bir şikayəti olmayan sağlam oğlunu Ucar Mərkəzi xəstəxanasının həkimləri yarımcan edib:
“Uşağın hərarəti yüksəlmişdi. Martın 12-də təcili yardım vasitəsilə xəstəxanaya apardıq. Həkim Fəzail Əliyev müayinədən sonra uşağa sistem təyin etdi. Uşağa başqasına istifadə olunmuş tibbi ləvazimat vasitəsi ilə sistem qoşdular. Mən buna irad bildirəndə həkim kobud rəftar edib, “bizim işimizə qarışmayın, heç nə olmaz”, – deyə özlərinə haqq qazandımağa çalışdılar.
Sistemdən sonra uşaq komaya düşdü.
Vəziyyətinin ağır olduğunu görüb onu oradan çıxardım. Təcili Yevlax Rayon Xəstəxanasına çatdırdım. Uşağa tibbi yardım göstərib, onu sağaltsalar da oğlum indi də halsız, huşsuz və reaksiyasız vəziyyətdədir.
Yevlax Xəstəxanasındakı həkimlərdən körpənin niyə bu vəziyyətdə olduğunu soruşdum. Dedilər ki, ona düzgün müalicə olunmayıb və çox güman ki, uşaq hepatitə yoluxub. Mütləq qan analizlərindən keçməlidir. Mənim isə hələki maddi imkanım yoxdur ki, uşağı qan nümunələrindən keçirmək üçün Bakıya aparım”.
Ucar rayon Mərkəzi Xəstəxanasındakı özbaşınalıq və qanunsuzluqdan söz açan şikayətçi çoxlu sayda vətəndaşların da bu tibb müəssisəsindən şikayətçi olduğunu deyib:
“Mənim kimi bu xəstəxanadan narazı olan çox sayda insan qonşu rayonların xəstəxanalarına üz tutur. İnsanlar arasında kütləvi narazılıqlar var. Körpə uaşağımın səhhəti normal deyil. Həkim səhlənkarlığından oğlum təhlükəli virusa yoluxub.
Heç kimlə düşmənçiliyim yoxdur. Amma uşağımın sağlamlığına zərər yetirən həkim və tibb işçilərinin qanun qarşısında cavab verməyini tələb edirəm”.
Vasif Həşimov məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) və Ucar rayon prokurorluğuna da müraciət etdiyini bildirib. Üzləşdiyi qanun pozuntusu ilə bağlı isə rayon prokurorluğunda araşdırma başlayıb.
Hər iki qurumdan Bizim.Media-ya məsələnin araşdırılacağı bildirilib.
Qeyd edək ki, 2007-ci ildən Ucar rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi Şəxs”in direktoru Zeynal Bayramlıdır. Direktorun adı xeyli müddətdir ki, qalmaqallarda çəkilir.
Onun qanunsuz əməllərindən rayon sakinlərinin əziyyət çəkdiyi iddia olunur. Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.
Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq…