E-mail: [email protected]
Şəmkirdə polis zabitinin öldüyü qəzanın təfərrüatları məlum olub
Şəmkir rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Turkdunyasi.az"-ın “Report”un Qərb bürosuna istinadən məlumatına görə, hadisə gecə saatlarında Şəmkir rayonunda fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə qeydə alınıb.
Gədəbəy polis şöbəsinin əməkdaşı olan Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev Mirsalam oğlu həmin vaxt şəxsi “VAZ-2121” markalı avtomobillə işə gedirmiş.
Bu zaman 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillə toqquşma baş verib.
Qəza nəticəsində polis zabiti aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda ölüb. F.Bağırov və onun sərnişinləri Quluzadə Toğrul Azər oğlu və Mahmudov Zirəddin Namiq oğlu xəsarət alıb.
Hadisədən xəbər tutan Z.Mahmudovun qardaşı Azər Mahmudov öz maşını ilə hadisə yerinə gedən zaman idarə etdiyi avtomobili maneəyə çırpıb və ağır xəsarət alıb.
Hadisələrdə yaralananlar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına və Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.