25 
apr
2022
15:20
101

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Vilyam Hacıyevin məhkəməsində hakim özündən çıxdı: Şahidə dedi ki...

25 apr, 2022
15:20
12101

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə növbəti zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmişlər sırasında olan Mirqayıb Sarıyev İmişli rayon İcra hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb.

Zərərçəkmiş məhkəmədə ifadə  verərkən deyir ki, rayonun abadlaşdırılması üçün mütəmadi pullar yığılırdı:
“Vilyam Hacıyevi başçı kimi tanımışam. Abadlaşma üçün daimi pul yığılırdı. Mən də pul verirdim. Ümumilikdə 30 min manat vermişəm. Pulu Rəhim yığırdı. O gəlib deyirdi ki, Vilyam Hacıyev tapşırıq verib ki pul yığılmalıdır, biz də verirdik”.
Sarıyev pulları hissə-hissə verdiyini də məhkəmədə açıqlayır:
“30 min manatı hissə-hissə vermişəm. Həmin 30 min manat maliyyədən ayrılırdı ki, işçilərə paltar, əlcək və digər avadanlıqlar alaq. Mən həmin pulu hissə-hissə çıxarıb verirdim Rəhimə. Nəticədə həmin əşyaları ala bilmirdik. Pulları ancaq Rəhim alırdı, deyirdi başçı tapşırıb".
Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişə sual ünvanlayır:
“Bu tapşırığı sizə kim verirdi?”.
Zərərçəkmiş:
“Rəhim bəy deyirdi ki, başçının tapşırığıdır”.
Vəkil:
“Sizə çox adam tapşırıq verə bilər. Onda mən də tapşırıq verirəm ki, mənə də 30 min çıxarıb verin”.
Zərərçəkmiş:
“Mənim xəbərim yoxdur. Deyirdilər edirdim”.
Digər zərərçəkmiş Əhəd Vəliyev İmişli rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsində işləyir.
Onun işi isə icra hakimiyyətinə gəlini ilə bağlı düşür:
"Gəlini uşaq bağçasına işə düzəltmək istəyirdim. Rayonun Muradlı kənd İcra nümayəndəsi Adil Kərimov dedi ki, 1500 manat verməlisən. Mən də verdim, gəlinimi işə düzəltdilər.  Sonra mən maaşımdan ayda 100-150 manat verməklə 1500 manatı Adilə ödədim".
Təqsirləndirilən şəxsin vəkili sual verir:
“Siz bilmirdiniz ki, pul vermək səhvdir?”.
Zərərçəkmiş:
“Mən pul verməmişəm”.
Vəkil:
“Nə qədər maaş alırsınız?”
Zərərçəkmiş:
“280 manat maaş alırdım. Hər ay 100 manatını ona verirdim”.
Bununla da zərərçəkmişin ifadəsi sonlanır.
Bundan sonra zala zərərçəkmiş təsərrüfatçı Nəsimi Məmmədov daxil olur.
Təsərrüfatla məşğul olan Məmmədov torpaq müqaviləsinin vaxtının uzadılması üçün icraya müraciət edib:
"2018-ci ildə başçıya müraciət etdim ki, torpaq müqaviləsinin vaxtını artırsın. Vilyam Hacıyev bir nəfərə tapşırdı, həmin adamla görüşdüm. O adam dedi ki, pul vermək lazımdı, mən də verdim. Sonra icarə müddətini artırdılar".
Hakim qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün sual verir:
“Nə qədər pul ödədin? Kimə ödədin?”.
Zərərçəkmiş:
“Yadımda deyil. Kimə və nə qədər verdiyimi bilmirəm”.
Hakim zərərçəkmişin istintaqdakı ifadəsini elan edir.
İstintaq ifadəsində bildirilir ki, 2000 manat pul verilib:
“Sən bildirmisən ki, müqavilənin uzadılması üçün 2000 manat Cəmil Musayevə pul vermisən”.
İfadə vermək üçün zala daxil olan digər zərərçəkmiş Mayak Əşrəfov İmişlidəki obyekti yenidən təmir etmək üçün icra hakimiyyətinə müraciət edib:
“İmişlidə bizim obyektimiz vardı. Onu yenidən təmir etmək üçün icra hakimiyyətinə müraciət etdik. Dedilər ki, 200 kvadratlıq obyekt tikmək üçün 1200 manat rüsum verməlisən. Mən də ödədim”.
İfadə verən digər zərərçəkmiş Fuad Quluzadə torpaq sahəsi üçün 8 min manat ödəyib:
“Torpaq sahəsi almaq üçün 8 min manat pul vermişəm. Pulu ödədikdən sonra sərəncam da verildi”.
İfadə verən digər şəxs Nurəddin Əliyev 100 hektar torpaq sahəsi üçün 5 min manat ödəyib:
“Mən əslən Füzulidənəm. Amma İmişlidə heyvandarlıqla məşğul oluram. 100 hektar torpaq sahəm var”.
Hakim məsələni aydınlaşdırır:
“Kim verib bu torpağı sənə?”.
Zərərçəkmiş şəxs:
“Kim verib deyəndə ki, dövlətdən almışam. Bu torpaq üçün icra hakimiyyətinə 5 min manat ödəmişəm. Pulu verdim. Sərəncam da verildi. Mənə dedilər ki, bu dövlət rüsumudur”.
Fasilədən sonra zərərçəkmiş Fuad Məmmədov ifadə verib.
O deyir ki, İmişlidə Qum və çınqıl karyerində işləyib:
“İmişlidə Qum və çınqıl karyerində müvəqqəti icraçı işləyirdim. İcra başçısını şəxsən tanımıram. Mən orda işləyəndə bir nəfər bizə zəng vurub dedi ki, rayonda abadlıq işi gedir, köməklik etmək lazımdı. Mən də gətirdim həmin şəxsə 1000 manat verdim”.
Təqsirləndirilən şəxsin vəkili:
“Sənə kim zəng vurdu?”.
Zərərçəkmiş:
“Qardaş, mən...”.
Vəkil:
“Mən qardaş deyiləm”.
Zərərçəkmiş:
“Orada işləyəndə mənə torpaq icarəyə verildi. Bir dəfə pul tələb etdilər. İmişli rayon icra nümayəndəsi mənə zəng etmişdi ki, rayonda bərpa işlərinə köməklik etməyinizi  xahiş edirik. Biz də 1000 manat köməklik etdik”.
Sonda ifadə verən əsas şəxslərdən olan Rəhim Rəhimov oldu.
O deyir ki, uzun müddət İmişli rayon İcra Hakimiyyətinin maliyyə idarəsinin rəisi işləyib:
"Vilyam Hacıyev rayona başçı gələndən sonra böyük abadlıq işləri başlandı. Rayonda fəaliyyət göstərən şirkətlərə təklif olundu ki, ayrı-ayrı sahələri abadlaşdırsınlar. Görülən işlərin həcmi böyük olduğu üçün ayrı-ayrı şəxslərdən kömək istəmişik. Vilyam Hacıyev dedi ki, abadlıq işləri görən şirkətlərə borcu yaranıb. Onların bağlanması üçün vəsait yığmaq lazım idi. İclasda dedik və köməklik istədik. İdarə rəisləri yığışırdıq, kimin gücü nəyə çatırsa, yardım edirdik, pul yığırdıq".
Pandemiya dövründə aztəminatlı ailələrə ayrılan vəsaitlərin mənimsənilməsinə gəlincə isə R.Rəhimov bildirib ki, o prosesdə iştirak etməyib.
Hakim məsələni aydınlaşdırır:
“Abadlıq işləri hansı vəsaitlə ödənilir?”.
Zərərçəkmiş:
“Abadlıq işlərini aparan biznesmenlər vardı. Vəsaiti onlar ödəyirdi”.
Prokuror ifadədə ziddiyyətlərin olduğunu və bunların araşdırılmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili:
“Siz, şəxsən Rəhim Rəhimov olaraq pul nağdlaşdırmısınız?”.
Zərərçəkmiş:
“Xeyr. Çünki mənim belə bir səlahiyyətim yoxdur. Ümumiyyətlə, bank hesabı haradadır bilmirəm”.
Vəkil:
“Siz, Maliyyə Nazirliyinin bu işlə bağlı apardığı yoxlamalarda iştirak etmisiniz?”.
Zərərçəkmiş:
“Xeyr”.
Hakim əsəbiləşərək:
“Siz özünüzü harada hiss edirsiniz? Elə danışırsız ki, heç nə başa düşülmür”.
Vilyam Hacıyev ifadəyə münasibət bildirir:
“Rəhim, səndən rüşvət tələb etmişəm? Mənə pul nağdlaşdırıb vermisən?”.
Zərərçəkmiş:
“Xeyr”.
Bu zaman Rəhim Rəhimov ifadəsini sonlandırıb, otağı tərk edir.
Digər zərərçəkmiş Elman İmanov ifadəsində deyir ki, icra hakimiyyətinə 28 min manat ödəyib:
“2018-ci ildə İmişlidə yaşayan tanış vardı. Mənə təklif etdi ki, rayonda pambıqçılıq yaxşıdır. Bununla bağlı tanışım icraya müraciət etdi. 100 hektar torpaq üçün 28 min manat ödədim”.
Şahidlərin ifadəsi bitdiyi üçün məhkəmə prosesi sonlandırılır.
Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bizimlə əlaqə saxlayın