E-mail: [email protected]
Özünü erməni kimi aparan İran səfirinin Zəngəzur TƏLAŞI
İran səfirinin xoşagəlməz açıqlaması barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bu cür bəyanata təəccüblənmədiyini deyib. İlqar Vəlizadənin sözlərinə görə, səfirin bəyanatı bir daha göstərir ki, İranda bəzi qüvvələr münaqişədən sonrakı reallıqları hələ də dərk etmirlər:
"İranın Ermənistandakı səfiri dəfələrlə bu cür çıxışlar edib. Oxşar fikirləri bir daha səsləndirməsi təəccüblü deyil. Ermənistan ictimaiyyəti İranı əsl mövqedən yayındırmağa çalışır. Çünki İran rəsmiləri dəfələrlə Azərbaycana səfər edəndə, təkbətək telefon danışıqlarında, görüşlərdə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı həmişə müsbət fikirlər səsləndirirlər. Onların dilindən Zəngəzur dəhlizi ifadəsi səslənirdi. Bu göstərir ki, Zəngəzur dəhlizini qəbul edirlər. İran tərəfi heç vaxt bu məsələyə etiraz etməyib".
Politoloq hesab edir ki, İrəvandakı səfirin fikirləri İranın rəsmi mövqeyini əks etdirmir və bu mənada onun nə dedikləri heç bir əhəmiyyətə malik deyil:
"İranda bu fikirdə olan qüvvələr çoxluq təşkil etmir və onlar Tehranın mövcud siyasətinə təsir göstərmək iqtidarında deyillər. Ona görə də bizim İranla münasibətlərimiz, kommunikasiyaların açılması ilə bağlı digər proseslər inkişaf edir, bütün bunlar hər iki tərəfin uzunmüddətli maraqlarına cavab verir".
Xatırladaq ki, Ermənistan və Azərbaycan hazırda Rusiyanın vasitəçiliyi ilə regionda kommunikasiyaların açılması məsələsini müzakirə edirlər. Rəsmi Bakı Zəngəzur dəhlizinin vacibliyini önə sürüb, Naxçıvanı Azərbaycanın digər ərazisi ilə birləşdirəcək yolun açılmasını istəyir. Azərbaycan Zəngəzurdan yoxlamasız keçid məsələsinin reallaşmasını tələb edir. Ermənistan isə hələ buna razılıq vermir.