may
2022
12:20
51

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda trend dəyişir: Bazarda hansı içkiyə tələb ARTIB? - FOTO

7 may, 2022
12:20
951

Azərbaycanda müxtəlif dönəmlərdə alkoqollu içkilərin ayrı-ayrı növləri populyarlıq təşkil edib. Əgər bir dönəm şəraba tələbat olubsa, sovetlər birliyi zamanında araq “dəb”də olub. Amma araqla yanaşı, şampan və konyak da “elitar masalarda” qonaqların zövqünü oxşayıb. Bu da ondan irəli gəlib ki, sovetlər birliyi dönəmində sərhədlər nisbətən bağlı olub, xarici ölkələrlə əlaqələrdə məhdudiyyətlər tətbiq edilib. Həm də SSRİ istehsalı olan içkilər həmin dövrün ideoloji təbliğatı nəticəsində daha cəlbedici görünürdü. Lakin zaman keçdikcə, insanlar sərhədləri aşdıqca, dünyada zövqə uyğun daha çox alkoqollu içkilərin olduğunu görə, həm də dada bildilər.
Son 30 ildə Azərbaycanda da müxtəlif ölkələrin alkoqollu içkiləri yayılmağa başlayıb. Bu içkilərin bazarda yer alması, əlbəttə ki, tələbatdan irəli gəlir və hər il istehsalı artır.
Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.
2022-ci ilin birinci rübündə Azərbaycanda içki istehsalında dinamika müxtəlif istiqamətlərdə müşahidə edilir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, araq istehsalı 262,5 min dekalitr təşkil edib. Bu da son bir ildə 35,9% azalma deməkdir. Ölkədə istehlak səbətində daha çox istifadə edilən səməni pivəsinin istehsalı isə illik müqayisədə 28,5% azalaraq 706,6 min dkl təşkil edib.
Şərab istehsalı həcmi isə 157,6 min dkl təşkil edib, bu da illik müqayisədə 89,2% azalmadır. Burada xüsusi qeyd edilməlidir ki, şərab istehsalı öncəki ildə daha kəskin azalmışdı. Amma Azərbaycanda son illərdə viski istehsalı həcmi artmaqdadır. Belə ki, ilin birinci rübündə ölkədə viski istehsalı 25% artaraq 6 min dkl təşkil edib.
Digər alkoqollu içkilərlə müqayisədə viski istehsalının artması diqqətçəkən məqamlardandır. İçki bazarında trendin dəyişməsi isə müxtəlif səbəblərdən ola bilər. İnsanların zövqü dəyişir, yoxsa içki bazarında bizim bilmədiyimiz proseslər gedir?
Mövzu ilə bağlı şərabçı-texnoloq, professor Vüqar Mikayılov açıqlamasında bildirib ki, 2-3 il bundan öncəyə qədər Azərbaycanda viski istehsal edilmirdi:
“Bu içki növü, əsasən, xaricdən - Şotlandiya və İrlandiyadan idxal edilirdi. Onu qeyd edim ki, şotlandlar və irlandlar arasında bu içki ilə bağlı mübahisə də var və onların hər biri viskini özününkü hesab edir. Lakin dünya da Şotlandiyanı viskinin vətəni kimi tanıyır. Şotlandlar viskinin hazırlanması üçün arpaya tüstü verirlər, ona görə də onların içkilərindən tüstü dadı gəlir. Amma irlandlar arpanı batareyaların üzərində qurudurlar və onların içkisindən tüstü dadı gəlmir. Bu da bunların fərqidir. Vurğulayım ki, 30-40 il ərzində dünyada populyar olan 240 ən bahalı içkinin 49-u viskidir”.
Professor qeyd etdi ki, hazırda Azərbaycanda həm şotland, həm də irland texnologiyası əsasında viski istehsal edilir:
“Xüsusi olaraq qeyd edim ki, Azərbaycanda arpa çox olduğu üçün təxminən 2013-cü ildə əvvəllər çalışdığım bir müəssisədə eksperiment üçün viski istehsal edildi. Son illər görünən odur ki, dünya bazarında da viski populyarlaşmağa başlayıb. Azərbaycanda bu içkiyə tələbatın artması ölkəmizə xaricdən qonaqların gəlməsi və öz vətəndaşlarımızın da böyük maraq göstərməsidir. Eyni zamanda ölkə daxilində istehsal edilən viski xaricdən gətirilən eyni növlü içkidən, təxminən 15-20, bəzən 30 manat ucuz təklif olunur. Bir məqama diqqət edək, Azərbaycan bazarına 30-40 il ərzində konyak, likör, araq və sair gəlib dolub. Ancaq bazara viski ancaq Şotlandiya və İrlandiyadan gəlirdi. Belə deyək ki, bazar bazar payı istəyirdi. Biz də Azərbaycanda viski istehsal etməklə bu tələbatı təmin etdik. Azərbaycan insanı da gördü ki, yerli viskilər nə şotland, nə də irland içkilərindən geri qalmır, əksinə daha keyfiyyətli olur. Ona görə də bizim yerli viskilərə tələbat var və qiymətləri də çox baha deyil, təqribən 10-20 manat arasında dəyişir”.
V.Mikayılovun sözlərinə görə, əvvəllər dünyada konyak daha çox sevilirdi:
“Amma tədricən onu viski əvəz edib. Eyni zamanda dünya bazarına saxta konyaklar ayaq açdı. İnsanlar konyakla bağlı saxtakarlığın çox olduğunu gördülər, lakin şotlandlar və irlandlar tərəfindən bu qayda-qanun hələ ki, qorunur. Yəni onlar viski ilə bağlı dünyada öz nəzarət mexanizmlərini qurublar və onun saxtalaşdırılmasının qarşısının alınması ilə bağlı tədbirlər görürlər”.

Bizimlə əlaqə saxlayın