E-mail: [email protected]
Rusiya 9 mayda müharibə elan edə bilərmi?
“Rusiyanın döyüş taktikasını dəyişməsindən sonra vəziyyət kəskin şəkildə dəyişməyib”.
Bunu Modern.az-a açıqlamasında Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov bildirib.
Onun sözlərinə görə, müharibənin taleyi yalnız döyüş meydanında həll olunacaq:
“Biz dəyişikliyi Şərq cəbhəsində gözləyirik. Bu da Qərbin Ukraynaya verdiyi ağır silahlardan sonra baş verəcək. Ukrayna hələ Rusiya qarşı müharibədə dirənir. Amma bizə dəstək lazımdır. Son söz döyüşlər zamanı deyiləcək”.
Hərbi ekspert Rusiyanın Ukraynaya qarşı 9 may tarixində rəsmən müharibə elan edə bilmə ehtimalından da danışıb. O, bu versiyanın mümkün olmadığını hesab edir.
“Belə bir şey çətin baş versin. Rusiya 9 mayda müharibə elan etməyəcək. Amma biz prosesləri izləyirik. Hər şeyə hazır olmalıyıq. Həmçinin Rusiyanın əsirlikdə olan Ukrayna əsgərlərini paradda nümayiş etdirəcəyi ilə bağlı müxtəlif məlumatlar var. Mənim fikrimcə, bu iddialar yanlışdır. Rusiya bunu edəcək qədər qətiyyətli deyil”,- hərbi ekspert vurğulayıb.
Bundan əlavə, Oleq Starikov Ukraynanın savaşdan qalib ayrılması üçün güclü dəstəyə ehtiyac olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, bəzi xarici media qurumlarında Rusiyanın 9 mayda – faşizm üzərində Qələbə günü Ukraynaya müharibə elən edəcəyi barədə xəbərlər yer alıb. Ukrayna Prezidenti Volodimir Zelenski deyilənləri istisna etməyib.
“Müharibənin açıq şəkildə elan edilməsi ümumi səfərbərlik deməkdir. Bu bizim üçün heç nəyi dəyişməyəcək. Söhbət müharibə elan edilməsindən gedir. Biz 8 il 70 gündən artıqdır ki, tammiqyaslı müharibə içərisindəyik. Rusların axtardığı qələbə sivil dünyanın məğlubiyyəti olacaq. 9 May dünyanın yaddaşında faciə, qanlı gün və unudulmaması lazım olan bir gün kimi qala bilər”, - Zelenski xarici KİV-ə müsahibəsində söyləyib.
Səfərbərlik iddialarına gəlincə, Rusiya tərəfi bunu qəti şəkildə təkzib edir. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, Rusiyada səfərbərlik elan olunmayacaq.