may
2022
00:15
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Müharibələrin “yeni ulduzu” - TƏHLİL

9 may, 2022
00:15
1259

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ermənistana qarşı müxtəlif növ dronlardan istifadə etməsi müasir hərbi əməliyyatların necə dəyişdiyini göstərib. Bu, dünyanın müxtəlif ölkələrinin də diqqətini cəlb edib. Onlar artıq müharibələrinin “yeni ulduzu”nu – dronları hərbi əməliyyatların gedişini dəyişən amil kimi qəbul edirlər.
Məsələn, Ukrayna da Rusiyaya qarşı müxtəlif pilotsuz uçuş aparatlarından istifadə edir. Bu ölkə yeni növ dronlar üçün sınaq poliqonuna çevrilir. Əslində, Ukrayna-Rusiya müharibəsi digər dövlətlərə dronların gələcək müharibələrdə necə effektli olduğunu görməyə imkan yaradır. 
Son dövrlərdə beynəlxalq ekspertlər dronların effektivliyini geniş təhlil etməyə başlayıblar. Məsələn, Yaxın Şərq təhlükəsizlik məsələləri üzrə ekspert Set Françman İsrailin tanınmış “The Jerusalem Post” nəşrində dərc edilən məqaləsində dronların müasir dövrdə aparılan hərbi əməliyyatlarda, xüsusilə Rusiya-Ukrayna müharibəsində rolunu təhlil edib. 
“Kaspi” qəzetində sözügedən məqalənin geniş şərhi yayımlanıb.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Kiyevin sərəncamında rusiyalı hərbçilərə qarşı istifadə edə biləcəyi az sayda dron var idi. Ukrayna bu pilotsuz uçuş aparatlarından effektli şəkildə istifadə edib. İki ölkə arasında müharibə uzandığına görə Ukraynaya silah tədarük edən bir çox ölkələr artıq müxtəlif növ dronların döyüş meydanında vəziyyəti potensial olaraq dəyişə biləcəyini düşünürlər”, - deyə S.Françman qeyd edib. Onun sözlərinə görə, bu yaxınlarda ABŞ yeni silah tədarükü çərçivəsində Ukraynaya onlarla “Phoenix Ghost” dronu ixrac edib: “Ağ ev bəyan edib ki, Ukraynaya 121 ədəd “Phoenix Ghost” taktiki pilotsuz uçuş aparatı tədarük ediləcək”. 
Müəllif Kiyevin istər kiçik, istərsə də “Bayraktar” kimi böyük müxtəlif növ pilotsuz uçuş aparatları əldə etdiyini xatırladıb: “Türkiyə istehsalı olan adı çəkilən dron raketlərlə təchiz olunub. Hələ iki ölkə arasında hərbi əməliyyatların ilk ayında “Bayraktar” dronu artıq Ukraynada böyük nüfuz qazanmışdı. Doğrudur, indi Ukraynanın sərəncamında olan onlarla “Bayraktar” dronunun neçəsinin işlək vəziyyətdə olduğu məlum deyil. Amma belə bir hiss var ki, onlar hazırda da Rusiyaya zərbə vura bilər. Əlbəttə ki, bu, Ukraynada ruh yüksəkliyi üçün vacib amildir”. 
ABŞ-ın istehsal etdiyi dronlardan bəhs edən müəllif qeyd edib ki, Vaşinqton pilotsuz uçuş aparatlarının əksəriyyətini satmır: “Doğrudur, bu dronların bəzilərinin tədarükü mümkündür. Lakin onların əldə edilməsi üçün uzun illər lazımdır. Bundan başqa, bu sistemlərin bəziləri çox bahalıdır. Məsələn, təyyarə ölçüsündə olan “Global Hawk” kəşfiyyat pilotsuz uçuş aparatı kimi”. 
Ekspert vurğulayır ki, Ukraynaya belə bahalı kəşfiyyat dronları lazım deyil: “Ukraynanın kiçik dronlara ehtiyacı var. Buraya döyüş sursatları ilə təchiz edilmiş pilotsuz uçuş aparatları və ya kamikadze dronlar daxildir”.
Müəllif qeyd edir ki, belə dronlar həm kəşfiyyat, həm də hədəflərin vurulması üçün istifadə edilə bilər: “Şərq istiqamətdə Rusiyanın böyük hücumu ilə üzləşən Ukraynaya məhz belə dron növləri lazımdır. Görünür, hazırda Rusiyanın Ukrayna ilə müqayisədə çox sayda dronu və ya pilotsuz uçuş aparatları ilə bağlı texnologiyaları yoxdur. Bu o deməkdir ki, rusiyalı hərbçilər Ukraynaya məxsus dronları asanlıqla vura bilməz”. 
Əlbəttə ki, müharibələrdə pilotsuz uçuş aparatlarının rolu haqda bəhs edərkən Azərbaycanın İkinci Qarabağ müharibəsində uğurlu dron taktikası barədə danışmamaq mümkün deyil. 
“Azərbaycan çox sayda pilotsuz uçuş aparatları əldə edib. O, Ermənistanla müharibədə bu dronlardan bir növ ani şəkildə istifadə edilən “hava qüvvələri” kimi istifadə edib. Beləliklə, Azərbaycan nümayiş etdirib ki, döyüş sursatları ilə təchiz edilən dronlardan istifadə etməklə ənənəvi hərbi birləşmələri asanlıqla məhv etmək olar. Amma Ukrayna Azərbaycanla eyni vəziyyətdə deyil”, - deyə S.Françman vurğulayıb. Onun sözlərinə görə, Rusiya ordusu daha güclüdür: “Bu ölkənin hava hücumundan müdafiə sistemləri İspaniya və ya İtaliya ilə müqayisə edilə bilər. Ukraynaya gəlincə, onun hava hücumundan müdafiə sistemləri Rumıniya qədər və ya daha azdır. Rusiya Silahlı Qüvvələri kağız üzərində Ukrayna ordusundan 10 dəfə böyükdür. Onun hərbi büdcəsi isə Ukraynanın dövlət büdcəsi qədərdir. Bu o deməkdir ki, Ukrayna döyüş meydanında çevik davranmalı və onun Silahlı Qüvvələrini gücləndirəcək silahlar almalıdır”. 
Müəllif qeyd edib ki, Ukrayna Azərbaycanın etdiklərini edə bilməz: “Ukrayna cəld hərəkət etməlidir, çünki ona hücum ediblər və Rusiya Ukraynanı öz meydanında hərbi əməliyyatlar aparmağa məcbur edir”. 
Digər tərəfdən, ekspertin sözlərinə görə, hazırda Ukraynanın şərqindəki hərbi əməliyyatlar düzənlik ərazidə aparılır: “Bu, İkinci Dünya müharibəsi dövründəki Kursk döyüşlərinə bənzəyir. Odur ki, belə ərazilərdə hərbi əməliyyatlar dronlar üçün ideal məkandır”. 
S.Françman sonda vurğulayıb ki, indi Qərb ölkələri Ukraynaya necə yardım edə biləcəklərini yaxşı anlayırlar: “Üstəlik, bu dövlətlər pilotsuz uçuş aparatlarının real döyüş meydanında onlarla eyni gücə malik olan rəqibə qarşı mübarizədə hansı potensiala malik olduğunu başa düşürlər”. 

Bizimlə əlaqə saxlayın