10 
may
2022
10:26
51

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Deputat Emin Hacıyev: “Ulu öndər Heydər Əliyev xalqın və dövlətin xilaskarı, dahi lideridir”

10 may, 2022
10:26
1251

Heydər Əliyev: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”.
Bu gün müstəqil, güclü və qalib Azərbaycan beynəlxalq aləmdə söz sahibi, iqtisadiyyatı davamlı inkişaf edən bir ölkədir. Azərbaycanın bugünkü uğurlarının təməli müstəqil dövlətimizin memarı və qurucusu, hər zaman fəxr etdiyimiz və qürur hissi ilə xatırladığımız ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Ulu öndər Azərbaycan xalqının və dövlətimizin inkişaf tarixini yaradan, tarix yazan dahidir. Ümummilli liderin hələ sovetlər dönəmində - 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik edərkən həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib. XX əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. 1993-cü ildə xalqın təkidli istəyilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu və ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. 
Ulu Öndər deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”. 
Ümummilli liderin müəllifi olduğu və 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan yeni neft strategiyası Azərbaycan iqtisadiyyatını kökündən dəyişməklə, ölkə qarşısında yeni üfüqlər açdı. Azərbaycan xalqının zəngin enerji sərvətlərinə sahibliyi təmin olundu. Neft-qaz sektoruna xarici investisiyalar cəlb edilməklə, enerji resurslarımız dünya bazarına çıxdı. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin istifadəyə verilməsi, “Bakı-Tbilisi-Ceyhan”ın dünya “arteriya”sı kimi neft kəmərləri sisteminə daxil olması ölkənin iqtisadi inkişafında mühüm yer tutdu. Uğurlu neft-qaz strategiyası sonrakı illərdə Cənub Qaz Dəhlizinin işə düşməsini, TANAP və TAP kəmərələri vasitəsilə Azərbaycan qazının Avropaya çıxışını təmin etdi.  
Neft-qaz layihələri ölkənin iqtisadi tərəqqisinə, xalqın sosial rifahının yüksəlməsinə xidmət edərək, həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Neft gəlirlərinin nəsillər arasında ədalətli bölüşdürülməsi üçün vəsaitin Dövlət Neft Fondunda toplanılması ilə “qara qızıl”ın insan kapitalına çevrilməsinə, əhalinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail olundu.
Müstəqillik əldə etdikdən sonra ölkəmiz üçün qarşıda duran əsas məsələlərdən biri liberal iqtisadiyyatın təmin olunmasına, planlı təsərrüfat mexanizmlərindən yeni bazar münasibətlərinə keçidə, azad sahibkarlığa təkan verəcək proqramların hazırlanıb həyata keçirilməsi idi. 1995-ci ilin 29 sentyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin əsası qoyuldu. Bu strateji plana əsasən ölkədə iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin yaradılması və azad sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı geniş tədbirlər həyata keçirildi.  
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatları aparıldı. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunun qəbulu ilə başlayan köklü aqrar islahatlar nəticəsində torpaq öz sahibinə verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər. Ölkəmizdə aparılan torpaq islahatları tarixə “Heydər Əliyev torpaq islahatları” modeli kimi düşdü. Torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasını qoydu. 
Respublikamızın hər bir bölgəsinin inkişafı və sosial-iqtisadi tərəqqisi üçün böyük həcmli işlərə imza atan ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin inkişaf etmiş şəhər kimi formalaşmasında da tarixi xidmətləri var. Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Sumqayıtda sənayenin müxtəlif sahələrinin qurulmasına, şəhərin sosial-iqtisadi, o cümlədən, elminin, təhsilinin, mədəniyyətinin inkişafına böyük töhfələr verib. Ümummilli liderin bu sənaye şəhərinə hər səfəri Sumqayıtın tarixində önəmli rol oynayıb. 
Bu gün müasir, güclü, davamlı inkişaf edən Azərbaycan ulu öndər Heydər Əliyevin Şah Əsəridir! Ümummilli liderin möhkəm ideoloji əsaslara söykənən siyasi xətti 2003-cü ildən sonra Azərbaycanın qüdrətli lideri, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 19 ildə ölkəmizin bütün sahələrində həyata keçirilən təkmil islahatlar Azərbaycanın daha da inkişaf etməsinə, güclənməsinə, beynəlxalq münasibətlərdə mühüm aktora çevrilməsinə gətirdi. Təbii ki, bu uğurların zirvəsində dayanan Azərbaycanın tarixi Zəfəridir. Ulu öndər Heydər Əliyevin tarixi torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində apardığı haqq mübarizəsi onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırıldı. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistan 44 günlük Vətən Müharibəsində ağır məğlubiyyətə uğradılaraq, kapitulyasiyaya məcbur edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin etməklə ata vəsiyyətini yerinə yetirdi. Azərbaycanın Tarixi Zəfəri ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsidir! Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır! Müstəqil, güclü, daim inkişafda olan, qalib Azərbaycan!
Emin Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Bizimlə əlaqə saxlayın