11 
may
2022
00:42
55

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Deputat: “Proqramlara elə əlavələr yüklənilir ki, bununla insanların həyat fəaliyyəti izlənilir” - MÜSAHİBƏ

11 may, 2022
00:42
1255

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik olacaq. Artıq Milli Məclis layihəni birinci oxunuşda qəbul edib.
QISA TƏQDİMAT
Layihə müasir dövrün çağırışlarına uyğun olaraq kibertəhlükəsizlik sahəsində hüquqi mexanizmlərin gücləndirilməsini özündə ehtiva edir.
O qəbul ediləcəksə, ölkədə kritik informasiya strukturu obyektlərinin, subyektlərinin siyahısı müəyyən ediləcək.
Həmçinin kritik informasiya strukturlarının təhlükəsizliyinə dair tələblər, onların fəaliyyətinin təşkili qaydaları müəyyənləşəcək.
Kritik informasiya strukturlarının dövlətin nəzarəti altında olması vahid ümummilli iqtisadi, siyasi, sosial, hüquqi və s. risklərin idarə edildiyi mərkəzi sistem anlamına gəlir.
Bir sözlə, ölkənin strateji obyektlərinin, nəhəng dataların kibermühafizəsi gücləndiriləcək və bu sahədə vəziyyət ən müasir standartlar səviyyəsinə qaldırılacaq.
Mövzunun aktuallığını nəzərə alaraq Oxu.Az Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca suallarla müraciət edib.
-  Zahid müəllim, qanun layihəsi hansı zərurətdən meydana çıxdı?
- Qanun layihəsi qlobal məkanda informasiya sistemləri, qurğuları, proqramlar, texnoloji avadanlıqlar və sairənin üzərində cərəyan edən proseslərə adekvat addımlardır. Hazırkı dövr 100 il bundan əvvəlki illərlə müqayisədə texnoloji inkişafın ən yüksək mərhələsi kimi xarakterizə olunur. Belə olan şəraitdə nəhəng texnologiya şirkətləri öz üstünlüklərini dövlətlərə, idarəedicilərə, siyasət qurucularına diktə edirlər.
- Yəni onların bu işdən geri çəkilib sırf kommersiya fəaliyyəti ilə məşğul olacağına dair mütləq təminat yoxdur?
- Bəli, ortaya bu sual çıxır. Kim zəmanət verə bilər ki, onlar dövlətlərin məxfi informasiya sistemlərinə, qərarlarına kibermüdaxilə etməyəcəklər və bu sahə nə dərəcədə təhlükəsizdir? Biz kompüter texnologiyalarını, digər kommunikasiya resurslarını alırıqsa, bununla üzərimizə hansı təhlükələri götürürük? Ona görə də bir çox ölkələrin oxşar sənədlərində bir çox ciddi təkmilləşdirmələr aparılır.
- Demək istəyirsiniz ki, bu, eyni zamanda özəl şirkətlərin də, biznes strukturlarının da kibertəhlükəsizliyini gücləndirəcək?
- Dövlət təkcə idarəedən subyektlərdən ibarət deyil. Bu gün dövlət həyatını, ictimai həyatı həm biznes strukturları, həm də geniş mənada ictimai strukturlar təmsil edir. Buna görə onların da kibertəhlükəsizliyi vacibdir. Biz görürük ki, adicə bir fərd “smart” tipli vasitələrə öz informasiyalarını yerləşdirir. Bu isə kibertəhlükələr üçün açıqdır.
Bir fakta nəzər yetirək. 2016-cı ildə “Cambridge Analytica” şirkətinin xüsusi alqoritmlər vasitəsilə milyonlarla insanın məlumatlarını əldə etdiyi bilindi. Onun seçki proseslərinə müdaxiləsindən sonra rəqəmsal qurğuların məxfilik qrifi altında olan hərbi texnologiyalar qədər əhəmiyyət daşıdığı bir daha təsdiqləndi. İndiki halda da böyük datalar böyük şirkətlərin əlində cəmlənib və onlardan bir asılılıq ortaya çıxır.
Vətən müharibəsi dövründə və ondan sonra Ermənistanın ölkəmizin maliyyə-bank sisteminə etdiyi hücumları silahlı savaşın tərkib hissəsi idi.
Kritik informasiya infrastrukturları olmadan dövlət çalışa bilməz. Hava limanlarına, uçuş sistemlərinə, elektron hərbi sistemlərə kənardan sızmaq mümkün olursa, bu o anlama gəlir ki, onların beyni də kənardadır.
- Qısası, kibervətən yaradılır...
- Düz vurğuladınız. Azərbaycan dövləti kritik informasiya obyektlərinin siyahısını müəyyənləşdirəcək. Bu, ərzaq təminatı, səhiyyə sahəsindən tutmuş maliyyə sahəsinə qədər bütün platformaları əhatə edəcək.
- Şübhəsiz ki, bu məsələnin daha da aktuallıq qazanması həm də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır, elə deyilmi?
- Dünyada hamının həyəcanla izlədiyi Rusiya-Ukrayna müharibəsinin gedişi də göstərir ki, savaş təkcə torpaq və ərazi xarakteri daşımır, eləcə də dövlət və hakimiyyət institutlarının məhv edilməsi başlıca məqsədə çevrilib. Sanksiyalar nəticəsində Rusiyanın dövlət strukturlarında xarici proqram təminatlarının, İT həllərin və antivirusların tətbiqinin qadağan edilməsi qərara alınıb.
2022-ci ildə Almaniya və Polşa “Kasperski” antivirusunu qadağan ediblər. Məlumdur ki, ABŞ onu hələ 2017-ci ildə, Avropa Birliyi 2018-ci ildə, daha sonra isə Niderland və Litva qadağan ediblər. Həmçinin artıq suveren, milli internet seqmentlərinin formalaşdırılması üzərində çalışan ölkələrin sayı artıb.
- Burada şəxsi təhlükəsizlik məsələləri də ortaya çıxır, bəs onlardan necə qorunaq?
- Adi insanlar və ya siyasət subyekti olan insanların telefonunda, notbukunda bəzən kameranı bağladığını görərsiniz. Bu vasitə ilə özlərini mühafizə etdiklərini düşünürlər. Bu, konspiroloji deyil, real yanaşmadır. Çünki müxtəlif proqramlara elə əlavələr yüklənilir ki, bununla insanların həyat fəaliyyəti izlənilir. İndi daha dərin saxta informasiyaların qurulması müxtəlif alqoritmlər vasitəsilə reallaşır. Ötən il yüzlərlə vətəndaşın kibercinayətkarlıq şəbəkəsinə - kibermaliyyə piramidasına - cəlb edilməsi, MİDA-da baş verən hadisələr onu göstərir ki, sözügedən sektorda təhlükəsizliklə bağlı görüləcək işlər həllini gözləyir.
Qanun layihəsinin qəbulu və onun imzalanması Azərbaycanın təhlükəsizlik mühitinin daha da yüksək səviyyədə qorunmasına gətirib çıxaracaq.
Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın