E-mail: [email protected]
Ərdoğanın yenidən seçilməsi nə üçün vacibdir...
2023-cü ilin iyununda Türkiyədə növbəti prezident və parlament seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) daxil olduğu "Cumhur İttifaqı"nın prezidentliyə vahid namizədi Rəcəp Tayyip Ərdoğan olacaq. Müxalifətin namizədi isə hələlik məlum deyil.
Rəcəp Tayyip Ərdoğan yenidən prezident seçilə bilərmi, müxalifətin qalib gəlmə şansı varmı və ümumiyyətlə, seçkiləri necə proqnozlaşdırmaq olar?
Politoloq Qabil Hüseyni mövzunu Modern.az-a şərh edib. O bildirib ki, prezident Ərdoğan bu günlərdə öz şöhrətinin pik nöqtəsindədir:
"Ərdoğan artıq təkcə Türkiyənin prezidenti kimi yox, bütün Türk Dünyasının ağsaqqalı kimi qəbul edilir. Onun dövründə Türkiyə həm iqtisadi, həm də siyasi sahədə böyük sıçrayışlar etdi. O, Türkiyəni dünyanın sayılan dövlətləri cərgəsinə qaldırdı. Bu gün Türkiyə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə hərbi texnologiyalar sahəsində, eləcə də xarici ticarət sahəsində misli görülməmiş nailiyyətlər əldə edib. Ərdoğan Türkiyəni Avropa dövlətləri səviyyəsinə qaldıra bilib".
Q.Hüseynlinin sözlərinə görə, Ərdoğan Azərbaycanın yaxın dostudur: "Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərdə Ərdoğanın və qardaş Türkiyənin də böyük payı var. "Biz bir millət, iki dövlətik" deyimini son dönəmlərdə bütün çalarları və mahiyyəti ilə qəbul etməyə başlamışıq. Ona görə də, Ərdoğanı elə öz ölkəmizin prezidenti İlham Əliyev qədər sevirik, ona hörmət edirik. Biz elə hesab edirik ki, yaxınlaşan prezident seçkilərində Ərdoğanın zəfəri mütləqdir".
Q.Hüseynli Ərdoğanın qələbəsinin vacibliyinin səbəblərindən də bəhs edib:
"Onun seçilməsi Türk Dünyasının yeni zəfərlər fəth etməsi üçün lazımdır. Bu qələbə Türk Dünyası dövlətlərinin daha da möhkələnməsi, birləşməsi üçün lazımdır. Bu qələbə Türk Dünyasının karbohidrogen ehtiyatlarının Xəzərin dibindən Avropa bazarlarına çıxarılması üçün lazımdır. Bu qələbə həm də Türk Dünyasını beynəlxalq proseslərin aparıcı və həlledici amilinə çevirmək üçün lazımdır. Ərdoğan tarixin 100 ildə bir yetirdiyi siyasətçilərdəndir. Bu nöqteyi-nəzərdən də mənim heç şübhəm yoxdur ki, o, qarşıdakı seçkilərdə yenidən bu prezident postuna gələcək".
Siyasi şərhçi hesab edir ki, Türkiyə cəmiyyəti də Ərdoğanı dəstəkləyir.
"Fikrimcə ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) irəli sürəcəyi namizəd elə də güclü sima olmayacaq. Üstəlik də AKP CHP-yə nisbətən daha strukturlaşmış, bütün regionlarda şöbələri qurulmuş sanballı partiyadır. Əsas məsələ isə Ərdoğanın şəxsiyyəti, onun Türkiyəyə verdikləri və bundan sonra verə biləcəkləridir. Mənim zənnimcə, qədirbilən Türk xalqı Ərdoğanı yenidən prezident seçəcək".