E-mail: [email protected]
Helsinkidə 28 May - Müstəqillik Günü qeyd edilib
Helsinki şəhərindəki Musiikkitalo musiqi mərkəzində 28 May – Müstəqillik Günü və Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələr qurulmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın İsveç, Norveç və Finlandiyadaki səfirliyinin və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Turk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın birgə təşkilatçılığı ilə gerçəkləşib.
Mərasimdə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, ölkəmizin İsveç, Norveç və Finlandiyadakı səfiri Zaur Əhmədov, Finlandiyanın rəsmi şəxsləri, xarici ölkələrin diplomatik korpusunun, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbir Finlandiyanın və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimi giriş sözü ilə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Turk” Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova açıb. 104 il öncə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə həyata keçirilən demokratik islahatlara, o cümlədən müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququ verildiyinə diqqət çəkən diaspor təşkilatının rəhbəri Cümhuriyyət dönəmində Finlandiyanın diplomatik nümayəndəliyinin Bakının Balaxanı qəsəbəsi ərazisindəki Nobel qardaşlarının ofisində yerləşdiyini vurğulayıb. Qeyd edilib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərqərar edən Azərbaycan 1992-ci il martın 24-də Finlandiya ilə yenidən diplomatik münasibətlər qurub.
Sonra Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və Finlandiya Xarici İşlər Nazirliyinin xarici iqtisadi əlaqələr üzrə dövlət katibinin müavini Nina Vaskulahti çıxış ediblər. Dünyada sülh tərəfdarı kimi tanınan ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin birgə qeyd edilməsi yüksək qiymətləndirilib, Azərbaycan-Finlandiya əlaqələrinin dinamikasından, təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində davamlı əməkdaşlığından, bu münasibətlərin daha da inkişaf etməsinin əhəmiyyətindən danışılıb. Azərbaycan işğaldan azad edilmiş ərazilərində aparılan tikinti-quruculuq işlərində "ağıllı şəhər-kənd" texnologiyalarının tətbiq edildiyi, həmin sahələrdə böyük təcrübəsi və texnoloji həlləri olan Finlandiya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar açıldığı nəzərə çatdırılıb.
Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti, tanınmış cazmen İsfar Sarabskinin rəhbərlik etdiyi ”İsfar Sarabskinin triosu” çıxış edib.