iyn
2022
16:44
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Antikorrupsiya həbslərinin YENİ DALĞASI: Daha kimlər tutulmalıdır? - FOTO

4 iyn, 2022
16:44
19113

Korrupsiyaya bulaşmış vəzifəli şəxslərə qarşı ciddi tədbirlər görülməsinə baxmayaraq, hələ də qanunsuz yollarla varlanmaq həvəsinə düşən məmurların olması ortaya ciddi suallar çıxarır: Bəzi vəzifə sahibləri sonda həbs olunacaqlarını bildikləri halda niyə rüşvətdən imtina edə bilmirlər? Onları bu çirkin işə əl atmağa nə sövq edir?
Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, məmurlara dəfələrlə xəbərdarlıq edilsə də, bir çoxları buna məhəl qoymurlar:
“Ölkə rəhbərliyi dəfələrlə məmurlara xəbərdarlıq edib, bir çoxlarına iradlarını bildirib. Təəssüf ki, bu xəbərdarlıqlardan sonra bəzi məmurlar yenə qanunları pozurlar. Vəzifə yüksək etimad, məsuliyyət deməkdir. 10 milyonluq əhalini Milli Məclisdə 125 deputat, bir neçə minlik kənd əhalisini icra başçısı, xalqa xidmət edən hər-hansı qurumu bir məmur təmsil edir. Hamı çalışmalıdır ki, qanunu pozmasın. Bir neçə ildir, ölkəmizdə qanunsuzluğa qarşı kəskin mübarizə aparılır. Hərdən düşünürəm, nə baş verməlidir ki, insanlar rüşvət almağın qadağan olunduğunu anlasınlar? Yetəri qədər həbslər, xəbərdarlıqlar olub, amma nəticəsi yoxdur. Hər kəs anlamalıdır ki, qanunu pozmaq olmaz, pozsan, ciddi cəza tədbirləri görüləcək”.
Deputat Fazil Mustafa hesab edir ki, ölkəmizdə məmurların həbsi artıq adi hal alıb. İndiyədək görülən tədbirlərə baxmayaraq, bir çox məmurlar qanunsuz hərəkətlərə davam edirlər:
“Belə həbslərin ilk dəfə şahidi olmuruq. Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və başqa qurumlarda da həbslər olub. O deməkdir ki, ölkədə neqativ hallara qarşı mübarizə gedir. Amma bunun effekti hələ də özünü göstərmir, özbaşınalıq halları davam edir. Bütün sahələrdə özbaşınalıq hallarına rast gəlmək olar. Elə etmək lazımdır ki, məmurlar qanuni fəaliyyətini daha çox önə çıxarsınlar.
Qanunsuz fəaliyyət göstərənlərin sayı artır, bu da təhlükəlidir. Qanunsuzluğun qarşısı nə qədər alınsa da, bunu tam aradan qaldırmaq mümkün olmayıb. Dostluq, qohumbazlıq kimi məsələlər aradan qalxmalıdır. Bacarığı olana iş vermək lazımdır. Milli Məclisdə çıxışlarımda da qeyd etmişəm ki, məmurları göydən zənbillə salmaq lazım deyil. 15-20 il vicdanla işləmiş kadrları önə çəksələr, bəs edir”.
Deputatlar sonda qeyd ediblər ki, kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, qanunsuz əməllərə yol vermiş məmurlar sərt şəkildə cəzalandırılmalı, onlara güzəşt edilməməlidir.
Qeyd edək ki, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin ötən gün yaydığı birgə məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin və bir sıra rayonların bələdiyyələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Rəsmi məlumatda qeyd olunub ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə 2020-2022-ci illər ərzində Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Şəki ərazi şöbəsinin rəisi Mübariz Paşayev, Qazax ərazi şöbəsinin rəisi Ehtiram Eyvazov, Beyləqan rayon şöbəsinin rəisi Elsevər Paşayev, eləcə də bələdiyyələrin və digər aidiyyəti qurumların vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında İldırım Məmmədov, Əsəd Nəsibov, Mübariz Paşayev, Ehtiram Eyvazov və Elsevər Paşayevə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın