iyn
2022
12:18
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İyun qiyamının başlama səbəbləri və xalqın Heydər Əliyevə olan sevgisi – ŞƏRH

6 iyn, 2022
12:18
1270

1993-cü ilin 4 iyun qiyamından 29 il keçdi. Həmin dövrlər Azərbaycanın ən ağır və mürəkkəb situasiya ilə üzləşdiyi vaxtlar idi.
Gəncədəki hadisələr həmin zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyinin, ölkədə yaratdığı anarxiyanın, özbaşınalığın, cinayətkar dəstələri himayə etməsinin məntiqi sonluğu idi.
Nəticə isə dövlətin təhlükəsizliyi və müstəqilliyini ağır təhdidlə üzləşdirirdi. 1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
Artıq bir sıra ərazilərdə silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Bir sözlə, ozamankı prezident Əbülfəz Elçibəylə korpus komandiri Surət Hüseynov arasında yaranmış gərginlik Azərbaycan xalqının taleyini sual altında qoyurdu.
Gərginlik isə özünün pik həddinə Əbülfəz Elçibəyin Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğvi ilə bağlı sərəncamı idi. Bu sərəncam qarşıdurmanı körüklədi.
Surət Hüseynov prezidentə tabe olmayaraq həmin sərəncamı icra etmədi və ordusunu hakimiyyət əleyhinə qaldırdı.
S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirdi. Surət Hüseynov hərbi texnikaların, silahların Bakıya yön almasına əmr verdi.
Bir sözlə, prezidentin 709 say­lı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haq­qında yeni  sərəncamı da kağız üzərində qaldı, üstəlik, Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər.
Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi. Bu isə alovun üzərinə benzin tökdü. İyunun 4-də Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi, nəticədə 35 nəfər həlak oldu. Bu, əsl qardaş qırğını idi.
Gəncə hadisələri Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi.
Bu cür toqquşmalar xalqın AXC-Müsavat cütlüyünə olan inamını sarsıtdı. Xalq böyük təkidlə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün birləşdi. Ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu.
Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi:
“1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsasını qoydu, ölkəni xarici təhlükələrdən qoruyan strategiya işləyib-hazırladı.
Güclü siyasətçi, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin səyləri nəticəsində müstəqilliyin ilk illərində dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan bu fəlakətdən qurtuldu.  
Heydər Əliyevin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev 30 illik işğalla barışmayaraq qətiyyət göstərdi. Ordunun əməliyyatları ilə Ermənistanın işğalında olan torpaqlar azad edildi. İlham Əliyev Heydər Əliyevin Şuşanın azad edilməsinə dair vəsiyyətini yerinə yetirdi.
Bununla da İlham Əliyev Ali Baş Komandan kimi tarixə adını qalib sərkərdə kimi yazdırdı. Bu gün Azərbaycan elə bir səviyyəyə çatıb ki, beynəlxalq oyunçular da onunla hesablaşırlar. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya hərb akademiyalarının dərsliklərinə salınır.

Bizimlə əlaqə saxlayın