17 
iyn
2022
17:39
52

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Maduronu Bakıya gətirən ENERJİ mənbələri, proqnozlar – TƏHLİL

17 iyn, 2022
17:39
2152

Venesuela lideri Nikolas Maduro Azərbaycana səfər etdi. O, Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr apardı.
Maduronu Bakıya gətirən enerjinin mənbələrini Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri təməli qoyulan yeni münasibətlər sistemində axtarmaq lazımdır.
Rusiya Ukrayna ərazilərinə hərbi müdaxilə ssenarisini işə salandan sonra ABŞ-Venesuela münasibətlərindəki gərilən ip bir qədər yumşalmağa başladı.
Co Bayden administrasiyası Rusiyaya qarşı tətbiq etdiyi neft embarqoları səbəbindən üzə çıxacaq itkiləri kompensasiya etmək üçün dünyanın neftlə zəngin ölkəsi olan Venesuelaya nümayəndə heyəti göndərmişdi.
Hərçənd ki, həmin zamana qədər ABŞ Maduronu heçə sayaraq Venesuela hökumətini ölkədə yaranan böhranın həlli yollarını axtarmaq üçün müxalifətlə danışıqlar aparmağa səsləyirdi.  
Rusiya-Ukrayna müharibəsi isə ABŞ-ın baxışında qəfil sürprizlər yaratdı, Vaşinqton Moskvanı təcrid etmək üçün Venesuela kimi alternativ neft təchizatçısına diqqəti artırdı.
Ağ Ev bununla da hədəfləyirdi:
1. Rusiya neftinin idxalına tətbiq etdiyi qadağalar səbəbilə yaranan itkiləri kompensasiya etmək;
2. Rusiyanın Venesuela ilə dərinləşən münasibətləri Ukrayna müharibəsi kontekstində Vladimir Putinin əlavə motivasiyasına çevrilməsin.
Gedişatlar Maduronu da qeyri-müəyyənlik labirintinə salır, çünki tərəzidəki Rusiya ağırlığını ataraq onu ABŞ-ın xeyrinə dəyişmək Venesuela üçün başqa dərdlər açar.
Axı Venesuelaya sanksiyalar tətbiq edilərkən Karakasın yardımına Rusiya çatıb, bu yardım paketinin içərisində isə Moskvanın maraqlarını sürətlə fırladan “bombalar” da Venesuelada çoxaldı.
Buna görə də ABŞ siyasətinin Venesuelaya baxan üzündəki mimika dəyişikliyi onu Maduronun müttəfiqinə çevirəcək inam yaratmağa yaxın deyil.
Qısası, Bayden administrasiyasının ayaqlarını Venesuelaya doğru sürüşdürməsi Rusiyanın bu ölkədəki caynaqlarını Karakası cırmaqlamaq vəziyyətinə gətirə bilər ki, Maduro da bundan narahatdır.
Ancaq ABŞ-ın səyləri Venesuela üçün cəlbedici olaraq qalmaqdadır və Maduro riskləri qiymətləndirmək, hansının hansı həddə qədər sərf edəcəyini dəqiqləşdirmək məqsədilə beynəlxalq tura çıxıb (Türkiyə, Əlcəzair, İran, Qətər, Küveyt, Azərbaycan).
Maduronun Türkiyəyə səfərindən başqa, digər adıçəkilən ölkələrə gedişi ən çox enerji maraqlarının uzlaşdırılması məqsədlərini daşıyır – hamısı neft-qaz ölkəsidir.
Maduro Türkiyədən sonra İrana, İran səfərinin izləri üfüqlərdən silinməmiş isə Azərbaycana ayaq basdı.
Analitik hesablama aparsaq, deyə bilərik ki, bu səfərlər daha çox Rusiya ilə birgə platforma yaratmaq cəhdlərində iştirak etməkdir.
Bəzi rəqəmlərin altında gizlənən geosiyasi motivlərdə bunu müşahidə etmək çətin deyil.
Niyə? Rusiya, İran, Venesuela üçlük formatında enerji sektorlarına qarşı sanksiyaların qarşısının alınmasında böyük potensiala malikdir.
Mövcud dəyərləndirmələrə əsasən, Venesuelanın 304 milyard, İranın 157 milyard, Rusiyanın isə 100 milyard bareldən çox neft ehtiyatı var. Bu isə xam neftlə dünya ehtiyatlarının əhəmiyyətli hissəsini (45 faiz) təşkil edir.
Amma ABŞ sanksiyalarının yaratdığı energetik fəlakət İranın da, Venesuelanın da hasilatına təsir edir. Venesuela neft ehtiyatlarının həcminə görə dünya lideri olsa da, onun neftinin hasilatı bərbad vəziyyətdədir.
Bu hasilatı canlandırmaq üçün Venesuela minimum 160 milyard dollar investisiyaya ehtiyac duyur.
Rusiya-Ukrayna müharibəsi Moskvanın, sövdələşməyə əsasən, Tehranın neft bazarlarındakı iştirak payının müəyyən qismini “alması” ilə nəticələnib. Məlumatlara görə, artıq İran neft ixracını 50 faiz azaldıb.
Maduronun Bakıya gəlişini həmin rəqəmlərin izi ilə şərh etmək məntiqli olardı, çünki hər-hansı layihənin maliyyə təminatları lazımdır.
Venesuela bu təminatı Azərbaycan vasitəsilə də reallaşdırmaq istəyir, buna görədir ki, Əliyev-Maduro danışıqlarında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi qeyd olunub.
Bu baxımdan, birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirilib.
Bəs digər ehtimallar nələrdən ibarətdir? Rusiya enerji sektorunda böyük itkilər verməmək üçün İran və Venesuela ilə birlikdə addımlar atmaqda maraqlı olduğundan Azərbaycanın da bu proseslərdə hansısa formada iştirakını hədəfləyir.
Maduronun Bakı səfərinin pərdəarxasında ABŞ-Venesuela danışıqlarının nəfəsini də hiss etmək olar, yuxarıda qeyd etdiyimiz kimi, Karakas dəyərləndirmələr aparır. Bu fikrimizi gücləndirən bir məqama da diqqət yetirsək, pis olmazdı: Maduro Bakıya gəlməmişdən qabaq ABŞ nümayəndə heyəti Azərbaycanda idi.
PROQNOZLAR:
Azərbaycan Qərb-Rusiya rəqabətində dəyər qazanmağa davam edəcək. Rusiya Azərbaycanı özünün yaratmaq istədiyi enerji habına – Moskva-Tehran-Karakas – çəkmək istəyəcək.
Azərbaycan Qərb və Rusiyanın maraqlarına zidd addımlar atmaq siyasətinə getməyəcək.
Venesuela ilə əməkdaşlığın Rusiya maraqları ilə uzlaşdırılmasını iqtisadi layihələrlə gerçəkləşdirəcək və prosesdə Qərbin də iştirakını təşkil edəcək.
Azərbaycan Venesuelanın çağırışlarına yardım etmək üçün Karakas da bunun qarşılığını verməlidir. Venesueladakı qızıl ehtiyatlarının dalğalanan beynəlxalq iqtisadi panoramda cəlbediciliyi artacaq.
Azərbaycan Venesuela neftinin ixracında rol oynayacaq. Bu təcrübə 2010-cu ildə olub. 
Həmin il Azərbaycan ilə Venesuela arasında əldə edilmiş razılaşmaya əsasən, Azərbaycan Belarusa beş milyon ton xam neft çatdırıb.
Digər bir məqam: Maduro bundan əvvəl Ankaraya səfər edərək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Türkiyənin Venesuelada maraqları var və bunu elm-təhsil sahəsində möhkəmləndirir.
Maduronun səfərləri fonunda Bakı-Ankara strateji müttəfiqlik maraqları, Azərbaycanın bu yöndə Türkiyəyə stimul vermək imkanları nəzərdən keçiriləcək.

Bizimlə əlaqə saxlayın