E-mail: [email protected]
“Vətəndaşlar şikayət edir, məmurlar xalqı saymır” - Deputat
Vaxtaşırı vətəndaş-məmur münasibətlərinin gərginlik həddinə çatdığı, insanların məmurlardan narazılığını dilə gətirdiyinin şahidi oluruq. Xüsusilə, Vətən müharibəsindən sonra əksər müharibə iştirakçılarının diqqətdən kənar qaldığını iddia etməsi, bununla bağlı müxtəlif qurumları günahlandırması fonunda qarşıdurmaların yaşandığı hallar da olub. Bəzi məmurlar vəzifələrindən sui-istifadə etməyi, vətəndaşların müraciətlərinə biganə yanaşmağı və ya süründürməçiliyi özlərinə vərdiş edib, desək, yanılmarıq.
Halbuki Prezident İlham Əliyev hər zaman məmurlara müraciətində vətəndaşlara münasibətdə şəffaf və mərhəmətli olmağı, xalqa ləyaqətlə xidmət etməyi tapşırır, özü də davranışları ilə bütün vəzifə sahiblərinə örnək olduğunu göstərir.
Bəs məmurlar bu tələblərə cavab verə bilirlərmi? Azərbaycanda vətəndaş-məmur münasibətlərində hansı çatışmazlıqlar qalır?
Bununla bağlı Modern.az-a danışan deputat Tahir Kərimli hesab edir ki, əksər məmurlar nümunəvi davranışları örnək götürə bilmir, vətəndaşları incidirlər:
“Məmurlar xalqı saymırlar. Bir dəfə 40-50 nəfər vəzifəli şəxsin yanında bu sözləri demişəm. Mənim üçün xalqla bağlı “qırmızı xətt” var, onun da biri “qara camaat” ifadəsidir. Bu nə sözdür, hamı işlədir? Məmurlar “qara camaat”ın çiynində vəzifəyə gəliblər. Bu gün hamı başını götürüb getməyə çalışır. Biz regionlarda seçicilərlə görüş keçiririk. İnsanların şikayətləri çoxdur. Ölkədə olsa-olsa 10 faiz məmur var ki, insanlara vəzifə məsuliyyətinə görə xoş davranır, onları dinləyir, problemlərinin həllinə çalışır. Amma həqiqətən, vətəndaşların ağrısını ürəyində hiss edən, onlar kimi yaşaya bilən 1 faiz məmur var.
Məmurların davranışının əsas səbəbi özləri üçün çalışmalarıdır. Öz qohumlarına, ətrafına şərait qurmağa can atmalarıdır. Xalq üçün, Vətən üçün çalışan məmurlar azdır. Mənə elə gəlir ki, xalq üçün çalışan, xalqa qazandıran məmurun özünün qazanması da lazımdır. Məmurların seçicilərimizə, vətəndaşlara münasibəti vətəndaşların bizə qarşı fikirlərini də dəyişdirir”.
Deputatın sözlərinə görə, məmur-vətəndaş münasibətlərini tənzimləmək üçün sistemli dəyişiklik lazımdır:
“Xüsusilə, yerli idarə orqanlarının rəhbərlərini xalq özü seçsə, onlar xalq qarşısında məsuliyyətli olarlar. Məmurlar təyin olunduğuna görə, özlərini xalqdan asılı hiss etmirlər. Proporsional seçkini tətbiq etmək, paralel strukturları yığışdırmaq, yerli özünüidarə orqanlarını gücləndirmək lazımdır. Bələdiyyələrimiz sıfır vəziyyətindədir. Ciddi konstitusion islahatlara ehtiyac var. Vətəndaşlar istənilən məmur haqqında şikayətlərini məhkəmədə qaldıra bilməlidirlər. Məhkəmə bu cür mübahisələrdə haqlı tərəf vətəndaşdırsa, onun hüququnu təmin etməlidir. Belə olarsa, insanların məhkəmələrə etibarı da artar”.