E-mail: [email protected]
Ukrayna Qərbin Suriyasına ÇEVRİLİR
Rusiya və Ukrayna arasında müharibə artıq dördüncü aydır davam edir. Geridə qalan 118 gün ərzində Rusiya əsas məqsədinə çatmasa da, döyüşləri davam etdirməkdə qərarlıdır. İndiyədək hər iki tərəf ağır itkilərlə üzləşib. Lakin müharibənin Ukrayna ərazisində aparılması bu ölkəni sözün əsl mənasında cəhənnəmə çevirib. Demək olar ki, bütün şəhər və rayonlarda infrastruktura külli miqdarda ziyan dəyib, bir çox yaşayış məntəqələri tamamilə dağıdılıb.
Dağıntılar, canlı qüvvə itkisi, məhv olan talelər - indi Qərbin Ukraynası sanki Suriyanın taleyini yaşayır. Bu gedişlə qan gölünə dönən Ukrayna hələ uzun illər ərzində özünə gələ bilməyəcək..
Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, keçmiş ictimai xadim, hazırda döyüşlər iştirak edən Dmitro Kulibaba Modern.az-a açıqlamasında Ukrayna xalqının ölkənin taleyindən narahat olduğunu bildirib.
Onun sözlərinə görə, Ukrayna ərazisində müharibə 2014-cü ildən bəri davam edir, indi isə hərbi əməliyyatlar genişmiqyasda aparılır. Dmitro Kulibaba vurğulayıb ki, müharibə Ukraynanın taleyini sual altına alıb, ölkə Qərbin Suriyasına çevrilir:
“Müharibə dayanmayıb, indi daha aktiv mərhələdədir. Ukrayna gələcəkdə çağırışlara birgə cavab vermək və Rusiya təcavüzünə qarşı mübarizədə yardım ala bilmək üçün hərbi, iqtisadi və siyasi müstəvidə əlaqələr qurur. Amma görürük ki, bəzən Qərb ölkələri bizə istədiyimizi vermək niyyətində deyil. Düzdür, Qərb ölkələri bu gün Ukraynaya ciddi dəstək verir, amma bu kifayət etmir”
“Ukrayna həqiqətən də Qərbin Suriyasına çevrilə bilər. Ona görə də Rusiyaya qarşı birləşmək lazımdır. Rusiya və onun planları Ukrayna problemindən qlobal problemə çevrilir. Sivil dünya təkcə Ukraynaya kömək etməyəcək, eyni zamanda Rusiyanı təhlükə kimi dayandıracaq”.
Qeyd edək ki, Rusiyanın başlatdığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği 1 trilyon dollardan çoxdur. Təkcə ölkə infrastrukturuna 120 milyard dollar ziyan dəyib. Hərbi infrastruktur da nəzərə alınsa, ziyan 270 milyard dollardan çoxdur.
Müharibə nəticəsində ölkə iqtisadiyyatının itkiləri, yəni qoyulmayan sərmayələr, əldə edilməyən mənfəət kimi ziyanın həcmi 290 milyard dollardan çox olub. Bundan əlavə, müharibə ucbatından Ukraynada ÜDM illik 35 faiz azalıb.