23 
iyn
2022
13:38
92

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda mal və qoyun ətinin ucuzlaşacağını gözləməyə dəyməz? - ARAŞDIRMA + FOTO

23 iyn, 2022
13:38
992

Ötən gün Baş nazir Əli Əsədov “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər barədə qərar imzalayıb.
Dəyişiklik nəticəsində hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaqdır.
Bu gün mal ətinin bir kiloqramının qiyməti orta hesabla 10-13 manat arasında, qoyun ətininsə 12-13 manat arasında dəyişir. Quzu ətinin bir kiloqramı 15 manata təklif edilir. Daha dəqiq desək, ət kəsimi məntəqələrində bir kq sümüksüz mal əti 13 manata, sümüklü isə 10,50 manata təklif edilir. Bir kq sümüksüz qoyun əti 13 manata, sümüklüsü 12,50-yə, bir kq sümüksüz quzu əti 15 manata, sümüklüsü isə 14 manata təklif edilir.
Bəs bu qərar mağazalarda ətin qiymətinə necə təsir göstərəcək?  
Məsələ ilə bağlı Turkdunyasi.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, heyvan ətinin maya dəyərinin 60-70 faizi yemdən asılıdır:

“Heyvanların qidalanması və böyümə prosesinin hansı şəraitdə aparılması önəmli amillərdən biridir. Buna görə də heyvan ətinin maya dəyərinin 60-70 faizi onun yeminin qiymətindən asılıdır. Bu gün heyvan yemlərinin qiyməti hələ ucuzlaşmayıb. Yem qiymətlərində - buğda, arpa, protein, müxtəlif qatqılardan, otlardan ibarət yemlərin qiymətində artım olur ki, ucuzlaşma müşahidə edilmir.
Digər məsələ budur ki, işçilik xərcləri – saxlama, daşıma məsələlərində də qiymətlər azalmayıb, əksinə, artır. Odur ki, ötən gün “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda edilən dəyişikliklər, rüsumun azaldılması, pasportun ləğvi qiymətlərə heç bir ciddi təsir etməyəcək.
Ona görə ki, bazarda təklifin çox hissəsi quş və mal ətinə aiddir. Quzu əti bazar təkliflərində o qədər ciddi iştirak etmir. Quzu və qoyun əti ilə daha çox fərdi təsərrüfatlar məşğul olur və onlar gedib pasport almırlar. Satış daha çox yol kənarlarında və s. həyata keçirildiyi üçün heyvanlara pasport alınmasından yayınılır. Böyük təsərrüfatlar daha çox iribuynuzlularla məşğuldur ki, onlar mala baytarlıq pasportu alırdılar. İndi bu dəyişiklik onların xərclərini aşağı salacaq. Ancaq bu da 200 kq-lıq malda 20-10 qəpik demək olacaq”.
Ekspert onu da əlavə edib ki, qərar çox proqressivdir:
“Bu, fermerlərin xərclərini, eləcə də maneələri azaldır. Lakin bazardakı qiymətlərə əsaslı təsir göstərəcək bir qərar deyil. Qiyməti müəyyənləşdirən əsas faktor istehsal xərcləridir ki, böyük hissəsini yem, işçilik, daşıma, saxlama, kommunal və digər xərclər təşkil edir.
Lakin qərar fermerlərin əlavə bürokratik maneələrini aradan qaldırıb, xərclərinin azalmasına kömək edəcək. Bu da öz növbəsində qiymətlərin artmasının qarşısını alacaq”.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən iri market şəbəkələrinin saytlarında “onlayn alış-veriş” bölməsində qırmızı ətin qiymətləri aşağıdakı kimidir:
1 kq dana əti - sümüklü 11,30 AZN, 11,49 AZN, sümüksüz - 13,49 AZN, 14,90 AZN;
1 kq quzu əti - 15,50 AZN, 14,99 AZN.

Bizimlə əlaqə saxlayın