E-mail: [email protected]
Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır – Kimdir müqəssir?
Azərbaycan hökuməti bir neçə gün əvvəl ətin ucuzlaşacağını anons etdi. Eyni zamanda, maliyyə naziri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında qeyd etdi ki, ölkə Prezidentinin tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlanır.
Nazirin sözlərinə görə, bu tədbirlər əsasən Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasından ibarətdir: “Onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək”.
Ancaq bu anons vətəndaşlar arasında gözlənilən rezonansı doğurmadı. Niyə ölkə vətəndaşları qiymətin aşağı enəcəyinə inanmır? Onların insamsızlığı nədən qaynaqlanır?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı Modern.az-a danışıb.
Deputat mövsümlə əlaqəli bazara çıxarılmayan bəzi məhsulların qiymətinin enəcəyini düşünür:
"İdxal olunan məhsulların rüsumları yüksəkdir, amma rüsumları azaltmaq imkanı var. İdxal olunan məhsullar 0-dan 15-ə qədər hökümətin qərarı ilə rüsumdan azad edilə bilər. Buna görə də bəzi məhsullarda qiymət azalması gözlənilir”.
V.Əhmədov ümumilikdə qiymətlərin yüksək olduğunu vurğulayıb:
“Hələlik bazarda mövsümü və qeyri-mövsümü mallarda enmə hiss etmirəm. Maliyyə naziri Samir Şərifovun antiinflyasiya tədbirlərinin hazırlanması ilə bağlı söylədikləri haqqında da məlumatım var. Bir həftə, 10 gün gözləyək görək qiymətlərdə nə kimi azalmalar olacaq. Qərarlar verilsin. Sonra onların icra olunub-olunmayacağını gözləyək. Yəqin ki, vətəndaşlar da qiymətlər ucuzlaşanda, onu reallıqda hiss edəndə inanmağa başlayacaq”.
Deputat söyləyib ki, insanların inamsızlığı artan qiymətin bir daha enməməsindən qaynaqlanır:
"Mən də ev üçün bazarlığı həmişə özüm etmişəm, görməmişəm ki, hansısa, məhsulun qiyməti qalxandan sonra aşağı ensin. Az sayda ola bilər ki, müəyyən bir məhsulun bolluğu yaransın və qiymət enməsi müşahidə edilsin. Bu problemləri həll etmək üçün ən əsası antiinflyasiya tədbirləri ciddi şəkildə nəzarət altına alınır. Antiinflyasiya tədbirlərini bütün sahələrdə həyata keçirmək lazımdır ki, insanlarda müəyyən qədər inam yaransın ki, məhsulların qiymətində enmə olacaq".