E-mail: [email protected]
Bazardakı qiymətlər deputatların da “əlini yandırır” - “8-10 manata gilas olar?”
Son günlərin ən çox müzakirə olunan mövzularından biri bahalaşmadır. Qiymət artımı qlobal böhranla əlaqələndirilsə də, yerli məhsulların - xüsusilə meyvə-tərəvəzin kəskin bahalaşması ciddi narazılıq doğurur. Mövsümi məhsulların "əl yandıran" qiymətləri alış-veriş üçün bazarlara üz tutanları sözün əsl mənasında şoka salır. Müşahidələr göstərir ki, piştaxtalarda göz oxşayan məhsulların qiyməti ötən illə müqayisədə təxminən 3-4 dəfə bahadır.
Bəs, parlamentdə xalqı təmsil edən deputatların bazarlardakı qiymətlərdən xəbərləri varmı? Onlar kasıb insanların tamarzı qaldığı məhsulları ala bilirlərmi?
Modern.az bir neçə deputat arasında sorğu keçirərək, bu suallara cavab tapmağa çalışıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, süni qiymət artımı vətəndaşlarla yanaşı, deputatları da narahat edir: “Rayonlarda meyvə-tərəvəzin qiyməti aşağıdır, həmin məhsulu şəhərə gətirib 3-4 qat baha qiymətə satırlar. Bu da təbii olaraq vətəndaşların narazılığına səbəb olur”.
Komitə sədrinin fikrincə, qiymətlərin baha olmasının bir neçə səbəbi var:
“İşbazlar bundan süni-istifadə edirlər. Məlumdur ki, Azərbaycanda kəndli şəhərdəki bazara gələ bilmir. Kəndlidən alınan məhsulu Bakıda baha qiymətə satırlar. Yaxud bazarda müəyyən inhisarçılıq var. Kəndlilər bazarda öz məhsullarını sata bilmirlər. Bəzi işbazlar bundan öz maraqları naminə istifadə edirlər. Hesab edirəm ki, artıq müəyyən tədbirlər görülməlidir. Bununla əlaqədar tapşırıqlar da var. Hökumət monitorinqlər həyata keçirir. Lakin təsiri olmadı. Gərək, daha ciddi addımlar atılsın”.
T.Rzayev hazırki qiymətlərdən xəbərdar olduğunu deyib və problemdən çıxış yollarını göstərib:
“Necə olur ki, rayonda gilas 1, şəhərdə 8 manata satılır. Yaxud pomidor kənddə 50-80 qəpikdir, Bakıda 3-4 manata satırlar. Elə tədbirlər görülməlidir ki, kəndli öz məhsullarını bazara çıxara bilsin. Bunun ən yaxşı yolu yerlərdə tədarük idarələrinin yaradılmasıdır. Əgər kəndli bazara gələ bilmirsə, öz məhsulunu aparıb tədarük idarəsinə verməlidir, onlar da məhsulu Bakıya daşımalıdır. Qoy onlar da qazanc əldə etsinlər. Hər bir sahibkarın və fermerin öz maşını, yaxud imkanı yoxdur ki, gəlib bazarda oturub, məhsulunu satsın. Ancaq hesab edirəm ki, yerlərdə tədarük idarələrini yaratmaqla insanların meyvə-tərəvəzlərini satması asanlaşacaq. Tədarük idarələri öz nəqliyyat vasitələri ilə kəndlilərin məhsulunu bazara çıxara bilər. Nəticədə qiymətlər də ucuz olar”.
Deputat Vahid Əhmədov ailəsi üçün bazarlığı həmişə özünün etdiyini bildirib:
"Ev üçün bazarlığı həmişə özüm etmişəm. Görməmişəm ki, hansısa, məhsulun qiyməti qalxandan sonra aşağı ensin. Az sayda ola bilər ki, müəyyən bir məhsulun bolluğu yaransın və qiymət enməsi müşahidə edilsin. Bu problemləri həll etmək üçün ən əsası antiinflyasiya tədbirləri ciddi şəkildə nəzarət altına alınmalıdır. Antiinflyasiya tədbirlərini bütün sahələrdə həyata keçirmək lazımdır ki, insanlarda müəyyən qədər inam yaransın ki, məhsulların qiymətində enmə olacaq".
Deputat vurğulayıb ki, idxal olunan məhsulların rüsumları yüksəkdir, buna baxmayaraq, rüsumları azaltmaq imkanı var: "İdxal olunan məhsullar 0-dan 15-ə qədər hökümətin qərarı ilə rüsumdan azad edilə bilər. Buna görə də bəzi məhsullarda qiymət azalması gözlənilir".
Parlamentari Aydın Mirzəyev də bazarlığı özünün etdiyini və alıcılara təklif olunan qiymətlərin yüksək olduğunu söyləyib:
“Həqiqətən, bazarda qiymətlər bahadır. Baxmayaraq ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir, meyvə-tərəvəz kifayət qədər istehsal edilir, ancaq baha qiyməti yenə də hiss edirəm. Bunun bir neçə səbəbi ola bilər. Ola bilsin ki, təchizatçılar istehsalçı ilə istehlakçı arasında, yəni kəndlə şəhər arasında qiyməti qaldırırlar. Yaxud məhsulların birbaşa tarladan şəhər süfrəsinə çatdırılmasının yeni mexanizmi tapılmalıdır. Məsələn, əvvəlki illərdə Bakıda yarmarkalar keçirilirdi. Təəssüf ki, bu il şəhərdə yarmarkalar görmürəm. Hesab edirəm ki, yarmarkalara böyük ehtiyac var. Eyni zamanda, düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi, müvafiq qurumlar meyvə-tərəvəz yetişdirənlərin problemləri ilə ciddi maraqlanmalıdır. Qiymətlərin baha olmasının səbəbləri araşdırılmalıdır. Biz təkcə qiymətləri dəyərləndirməməliyik. Kəndlini daha çox istehsala həvəsləndirmək lazımdır”.
Deputat qeyd edib ki, mövsümündən asılı olmayaraq, qiymətlər hər kəsin cibinə uyğun olmalıdır:
“Qiymətləri ancaq bir təbəqənin cibinə uyğun təşkil etmək, digər tərəfdən sahibkarı da məhsulunu ucuz satmağa məcbur etmək olmaz. Elə mexanizm hazırlanıb tətbiq edilməlidir ki, sahibkar məhsulunu aşağı qiymətə satıb, gəlirini itirməsin. Yəni kəndli ucuz qiymətlə daha çox gəlir əldə etsin”.
Bundan əlavə, A.Mirzəzadə vergilərin azaldılması təklifini irəli sürüb:
“Haradasa problem varsa, həllinə diqqət yetirilməlidir. Ola bilsin ki, vergilər azaldılmalıdır. Aşağı vergi heç də gəlirin az olması demək deyil. Aşağı vergi daha çox gəlir götürülməsinə xidmət edir. Digər tərəfdən, xüsusi şirkətlər yaradılmalıdır. Bu şirkətlər məhsulun üzərinə daha az faiz qoymaqla onları Bakı bazarlarına çıxara bilərlər. Regionlarda çox sayda anbarlar tikilib. Bu anbarlarda ilboyu kənd təsərrüfatı məhsullarını saxlamaq olur. Bu yaxınlarda ətin qiymətinin ucuzlaşması ilə bağlı tədbirlər planı elan edildi. Bu artıq diqqətdir. Ancaq meyvə-tərəvəz məsələsini xüsusi nəzarətə götürməyin vaxtı çatıb”.
Deputat Jalə Əliyeva digər həmkarları kimi alış-veriş üçün bazarlara tez-tez getdiyini, əvvəlki illərlə müqayisədə qiymət fərqini hiss etdiyini söyləyib:
“Deyə bilərəm ki, hazırda bazarda qiymətlər kifayət qədər bahadır. İndi yay mövsümündəyik. Biz alışmışıq ki, həmişə yay mövsümündə meyvə-tərəvəz ucuz olur. Ancaq bu məhsullar şəhərdə kifayət qədər bahadır. Kənddə isə ucuzdur. Nədənsə qiymətlər fərqlidir.
Burada müxtəlif səbəblər ola bilər. Monitorinq aparmadan dəqiq nəsə demək olmaz. Ola bilər ki, şəraitdən istifadə edərək öz ciblərini doldurmağa çalışanlar var. Çünki torpaq həmin torpaq, yarpaq həmin yarpaqdır. Dəyişən nədir? Keçən ilkə nisbətən meyvə-tərəvəzin qiyməti niyə bahadır? Sözün açığı, başa düşülən deyil”.
Deputat Cavid Osmanov həmkarlarından fərqli olaraq, bahalaşmanın koronavirus pandemiyasınıın təsirindən irəli gəldiyini hesab edir:
“Pandemiyanın dünya iqtisadiyyatına ciddi təsiri, o cümlədən, böyük güc mərkəzlərinin toqquşması, qlobal təhdidlərin yaranması, xüsusən Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyanın bütün ölkələrində qiymət artımı müşahidə olunmaqdadır. Əlbəttə, qiymət artımını bütün sahələrdə görmək mümkündür. Bu qaçılmazdır. Birincisi, onu qeyd etmək lazımdır ki, ilk növbədə enerji daşıyıcılarının qiyməti qalxmaqdadır. Bu da dünya bazarında qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən münaqişənin getdiyi bir vaxtda logistikanın qiyməti də artıb. Logistikanın iflic vəziyyətə düşməsi qiymətlərin artmasına öz təsirini göstərir. Dünyada qiymətlərin və inflyasiyanın artmasını əvvəlcədən proqnozlaşdırmaq olurdu”.
O, ölkəmizdə də bəzi məhsulların bahalaşdığını sözlərinə əlavə edib:
“Biz görürük ki, bir sıra məhsullarda qiymət artımı müşahidə olunur. Ancaq Azərbaycan dövləti, İqtisadiyat Nazirliyinin tərkibindəki qurum tərəfindən süni qiymət artımının qarşısının alınması məqsədilə mühüm addımlar atılmaqdadır. Digər tərəfdən, Azərbaycan dövləti baş verən hadisələrin nəticəsi olaraq ilk növbədə məhz istər koronavirus pandemiyası dövründə olsun, istər indiki dövrdə, sahibkarlara dəstək göstərməklə, eyni zamanda vətəndaşlarımızın pensiya və təqaüdlərinin, sosial ödənişlərinin, əmək haqlarının artırılması istiqamətində, xüsusən son üç il ərzində inqilabi addımlar atıb”.
Cavid Osmanov özünün də digər vətəndaşlar kimi marketlərdən alış-veriş etdiyini və qiymətlərlə tanış olduğunu qeyd edib:
“Əlbəttə, mən də hər bir vətəndaş kimi marketdən və digər yerlərdən alış-veriş edirəm. Bir daha deyirəm ki, qiymətlərin artması dünyada baş verən hadisələr fonunda baş verir. Xüsusilə demək istərdim ki, hətta Azərbaycanda qiymət artımı digər ölkələrlə müqayisədə çox az hiss olunur. Bununla yanaşı, Azərbaycan dövləti tərəfindən qiymət artımının qarşısının alınması üçün çox mühüm addımlar atılmaqdadır”.
Parlamentari Aqil Abbas isə bahalaşmanın təkcə kasıb insanlara deyil, ümumilikdə hamıya mənfi təsir etdiyini bildirib:
“İndi bütün meyvələr bahadır. 8-10 manata gilas olar? Nəvələrimə meyvə almaq üçün bazara gedirəm. Qiymətlərlə tanışam. Ancaq qiymət baha olsa da, nəvələrim üçün meyvə alıram. Allaha şükür, maaşın yüksəkdir. Qiymətlər tək bazarda yox, marketlərdə və digər yerlərdə də bahadır. Hətta deyərdim ki, qiymətlər kəllə-çarxa çıxıb”.