28 
iyn
2022
16:56
82

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Texniki Universitetdə NAQOLAY İŞLƏR... - İLGİNC İDDİALAR...

28 iyn, 2022
16:56
1282

"Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bəli, təəccüblənməyin, belə görünür ki, rektor Vilayət Vəliyev bu il magistraturanı bitirən hər 5 magistranta 1 ümumi diplom verəcək Əgər rektor Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetində (AzTU) 3 ildən bəri bərqərar etdiyi “Ali təhsilin Vilayət standartları” sistemi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin Ali təhsil haqqında verdiyi tədris normativ sənədlər və təlimatların birlikdə qüvvədə olduğu faktını qəbul etsək (AzTU-da isə hal-hazırda bu belədir, hətta “Ali təhsilin Vilayət standartları” daha yüksək statusa malikdir), belə bir absurd nəticəyə gəlmək olar. Yəni belə görünür ki, Vilayət Vəliyev bu il magistr dissertasiyası müdafiə edərək, magistraturanı bitirən hər 5 magistranta 1 ümumi diplom verəcək. Bəs bu nəticə nədən qaynaqlanır? Bu suala cavab verməyə çalışaq.
Bir neçə ay əvvəl bu saytda dərc edilmiş məlumatda yazmışdıq ki, rektor Vilayət Vəliyev bu ilin yanvar ayında kafedra müdiri və dekanları toplayaraq “təklif edib” ki, 2-ci kurs magistrantların verilmiş və artıq, əmrlə də bir il yarım bundan əvvəl təsdiq edilmiş dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Bunun səbəbi nədir, heç kim bilmir. V.Vəliyevin verdiyi “təklif” isə son qərar deməkdir və heç kim də bu qərarın səbəbini və bundan irəli gələn çoxlu sualları, yaranacaq absurd vəziyyəti, bunun mövcud təlimatlara və sənədlərə zidd olacağını və son nəticədə faydasının nə olduğunu soruşmağa cürət etmir.
Bu yeni mövzuların tələsik tərtib edilməsi və qərarın rəsmiləşdirilməsi də bir neçə ay çəkdi və nəhayət, 2 ay bundan əvvəl tələbələrə qrup halında yeni dissertasiya mövzularının verilməsi haqqında əmr çıxdı. Təsəvvür edirsinizmi, təlimata görə 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Burada isə tələbələrin bir il yarımlıq zəhmətinin və işinin üstündən xətt çəkilir və magistraturanı bitirmələrinə İKİ AY QALMIŞ qrup halında yeni dissertasiya mövzuları verilir. Digər tərəfdən, hər tələbənin dissertasiyasının öz elmi rəhbəri var idi, indi isə onlar rəhbərlikdən kənarlaşdırılaraq, 5 tələbənin bir ümumi dissertasiyasına bir yeni rəhbər təyin edilir. Daha yenə də təkrar etmək istəmirik ki, bu nə qədər ağlasığmaz və sağlam məntiqdən uzaq qərardır! Əlavə olaraq qeyd edək ki, mövcud tədris normativ sənədlərə əsasən bir elmi rəhbər eyni zamanda 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz.
Rektor özünün yaratdığı bu problemdən çıxış yolunu daha absurd bir yolla tapmışdır. O, göstəriş verib ki, iki ayda vaxt çatışmazlığı şəraitində təcili olaraq “BEŞİ BİRİNDƏ” formatda dissertasiyalar tərtib etmək üçün 5 magistrantın il yarım müddətində ayrı-ayrılıqda hazırladıqları dissertasiyalar nəzərdən keçirilsin və onlardan biri – ən gözə gəlimlisi və böyük həcmli olanı seçilsin və həmin dissertasiya 5 magistrant üçün ümumi dissertasiya olaraq qəbul edilsin, qalan dissertasiyalar isə kənara atılsın, seçilmiş dissertasiya 5 MAGİSTRANT ARASINDA HİSSƏLƏRƏ BÖLÜŞDÜRÜLSÜN (???). Yəni, sadə desək, 5 magistrantın ümumi, eyni bir dissertasiya mövzusu olacaq, onlardan hər biri dissertasiyanın bir hissəsini ayrıca cildlənmiş şəkildə təqdim edəcək, dissertasiyaları bir-birinin ardınca düzgün ardıcıllıqla bir yerə toplayanda isə bir tamamlanmış dissertasiya alınacaq (???). Təsəvvür edirsinizmi? Hələ bu prosesin ardına baxaq. Bu haqda verilən göstərişlər bir-birindən qəribə və təəccüblüdür. Bəs dissertasiya magistrantlar arasında necə bölünəcək?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..


Bizimlə əlaqə saxlayın