28 
iyn
2022
22:42
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Əliyevin mesajı Paşinyanı qorxuya salıb: O yaxşı anlayır ki...

28 iyn, 2022
22:42
1278

Baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycana yeni müharibə üçün çoxsaylı siyasi-hüquqi səbəblər verdiyini hamıdan yaxışı bilir... Həmin səbəblər mövcud olduqca, Ermənistan “legitim savaş” təhlükəsini həmişə öz üzərində hiss edəcək və daim qorxmaq məcburiyyətində qalacaq...
Ermənistan Cənubi Qafqazda yenidən hərbi-siyasi situasiyanı gərginləşdirməyə cəhd göstərir. Paşinyan hakimiyyəti hazırda əsas fəaliyyətini məhz Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesində uzunmüddətli durğunluğun yaradılmasına yönəldib. Və rəsmi İrəvan hələ də bu prosesi qeyri-müəyyən müddətə uzada biləcəyinə ümid bəsləyir.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında mövcud olan bütün problemlərin həllinə yönəlik Rusiyanın vasitəşiliyi ilə imzalanmış üçtərəfli anlaşmalar mövcuddur. Üstəlik, iki ölkənin münasibətlərinin normallaşdırılması, sülh sazişinin hazırlanması üzrə Brüssel anlaşmaları da var. Halbuki, rəsmi İrəvan indiyə qədər bütün bu anlaşmaların heç birisini reallaşdırmağa həvəs göstərməyib. Və müxtəlif bəhanələrlə sülh prosesinin uzadılmasına yönəlik addımlar atmağa çalışır.
Buna misal olaraq, Ermənistan rəsmi dairələrinin yalnız ATƏT-in Minsk Qrupu formatı çərçivəsində “Dağlıq Qarabağ problemi”nin və “status” məsələsinin müzakirəsində israr etməsini göstərmək olar. Artıq hər kəsə aydındır ki, rəsmi Bakı buna qətiyyən razılaşmayacaq. Çünki Azərbaycan “Dağlıq Qarabağ problemi”nin artıq həll olunduğuna əmindir və “status” mövzusunun da müzakirə edilməyəcəyini rəsmən bəyan edib.
754986752906717.jpg (563 KB)
Digər tərəfdən, Ermənistandan başqa hər kəs Minsk Qrupu formatının mövcud olmadığı ilə barışıb. Hətta bu formatda həmsədr statusuna malik olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minsk Qrupunun öz fəaliyyətini artıq dayandırdığını rəsmən bəyan edib. Və bu, Minsk Qrupu mövzusunun həmişəlik qapadılması üçün tamamilə yetərlidir.
Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan hələ də bu məsələdə mübahisə edir. Ermənistan baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin bu barədə açıqlamasını “qəribə bəyanat” adlandırmaqla, az qala S.Lavrovu yalan danışmaqda suçlayır. Onu Rusiya prezidenti Vladimir Putinin mövqeyinə qarşı getməkdə qınayaraq, şantaj edir. Və bu, olmayan qurumun “ətəyindən yapışıb”, sülh prosesini pozmaq cəhdindən başqa bir şey deyil.  
Digər tərəfdən, erməni baş nazir rəsmi İrəvanın davranışlarını Azərbaycanın qərarları ilə də paralelləşdirməyə çalışır. O, iddia edir ki, rəsmi Bakının Ermənistanı sülh sazişi üzrə danışıqları uzatmaqda suçlaması doğru deyil. Əksinə guya rəsmi Bakı Ermənistanın iki ölkə xarici işlər nazirlərinin görüşü ilə bağlı təklifini qəbul etməyib. Ancaq baş nazir N.Paşinyan rəsmi İrəvanın ikitərəfli danışıqların effektivliyinə zərbə vuran mövqeyində israrlı olduğu barədə danışmaqdansa, yayınır.
Halbuki, hər hansı görüşün keçirilməsində ilk növbədə onun müəyyən nəticələr verməsi əsas faktor rolunu oynayır. Rəsmi İrəvan isə pozucu mövqeyi ilə buna imkan vermir. Üstəlik, indiyə qədər ikitərəfli görüşlərdən, sülh sazişinin hazırlanması üzrə işçi qruplarının fəaliyyətindən yayınan tərəf rolunda da məhz Ermənistan çıxış edir. Hər halda, Ermənistan tərəfi dəfələrlə belə rəsmi təmaslardan müxtəlif bəhanələrlə dəfələrlə yayınıb.
323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)
Təbii ki, rəsmi Bakı Ermənistanın sülh danışıqlarını uzatmaq üzrə 30 illik vərdişlərinə bundan sonra səbr göstərmək niyyətində olmadığını qətiyyən gizlətmir. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana "köhnə taktika"nı təkrarlamaq imkanı verilməyəcəyi barədə sərt xəbərdarlığı da bunu təsdiqləyir: “Əgər, Ermənistan sərhədlərin müəyyən edilməsi prosesində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.
Təbii ki, Azərbaycan Prezidentinin bu xəbərdarlığı Ermənistanda böyük narahatlıqla qarşılanıb. Rəsmi İrəvan anlayır ki, güclü orduya və geniş maliyyə-iqtisadi resurslara sahib olan Azərbaycan hər an Ermənistanı sülh sazişinə məcbur edəcək qətiyyətli addımlar ata bilər. Və belə addımların qarşısındasa, Ermənistan müqavimət şansına sahib deyil.
Ona görə də, rəsmi İrəvan hazırda qorxu qarışıq narahatlıq içərisindədir. Paşinyan hakimiyyəti anlayır ki, sülh danışıqları prosesini uzadan tərəfin məhz Ermənistan olduğundan beynəlxalq siyasi dairələr də tam dəqiqliyi ilə xəbərdardır. Və belə situasiya rəsmi Bakıya daha radikal addımlar atmaq imkanları açır.
Maraqlıdır ki, baş nazir N.Paşinyan son açıqlamasında bu önəmli məqamın üzərində xüsusi olaraq, dayanmaq məcburiyyətində qalıb. O, iddia edib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır: “Rəsmi Bakı hazırda Ermənistana qarşı yeni müharibəni legitimləşdirməyə cəhd göstərir”.
Əslində, erməni baş nazirin dedikləri rəsmi İrəvanın öz pozuculuq fəaliyyətini dolayısı ilə etiraf etməsi kimi də yozula bilər. Çünki, yeni savaşın legitimləşdirilməsi üçün siyasi-hüquqi səbəblər olmalıdır. Baş nazir N.Paşinyan isə Ermənistanın Azərbaycana çoxsaylı belə siyasi-hüquqi səbəblər verdiyini hamıdan yaxışı bildiyindən məhz “legitim savaş”dan danışmaq məcburiyyətində qalıb. Və onun bu açıqlamasının həm də Ermənistan cəmiyyətinə yönəldiyini düşünmək olar.
a5df794aeecc8fe68c36dac4208f22fb.jpg (212 KB)
Məsələ ondadır ki, erməni baş nazir əslində, Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginliyi artırmağa çalışan revanşist müxalifətə dolayısı ilə xəbərdarlıq edir. Eyham vurur ki, revanşist erməni müxalifətinin daxili təzyiqlərlə rəsmi İrəvanı Azərbaycanla qarşıdurmaya məcbur etməklə, yeni savaşa real səbəblər yaradır. Və bu baxımdan, “legitim savaş” təhlükəsinin reallaşma ehtimalını nəzərə alaraq, bunun əsas məsuliyyətini indidən revanşist düşərgənin üzərinə yükləməyə çalşır.       
Baş nazir N.Paşinyan hesab edir ki, Azərbaycan və Türkiyə ilə sülh gündəliyinin Ermənistan üçün başqa alternativi yoxdur. Onun fikrincə, buna axtarılan istənilən alternativ mütləq yeni savaşa səbəb ola bilər: “Ermənistan üçün davamlı olaraq, sülh gündəliyi üzrə irəliləmək çox vacibdir. Çünki, rəsmi Bakı regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesini uzadır. Ola bilsin ki, Azərbaycanda Ermənistanın blokadada saxlanılması taktikasını effektiv hesab edirlər”.
Təbii ki, Ermənistanın blokadada saxlanılması hazırda situasiyanın tələblərindən qaynaqlanır. Çünki, rəsmi İrəvan Ermənistanın blokadadan çıxarılmasına can atsa da, buna münbit şərait yaradan öhdəliklərə və şərtlərə əməl etmək istəmir. Rəsmi Bakı isə Ermənistanı regional problemlərin hamısı həll edilmədən blokadadan çıxaracaq qədər sadəlövh deyil. Bunun üçün ilk növbədə rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı və yekun sülh sazişini imzalamalı olacaq. Ona qədər isə Ermənistan “legitim savaş” təhlükəsini həmişə öz üzərində hiss edəcək və bundan daim qorxmaq məcburiyyətində qalacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizimlə əlaqə saxlayın