30 
iyn
2022
01:53
99

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Göyçay Rayon Mərkəzi Xəstəxanası başlı-başına, nəzarətsiz qalıb? - Şikayət

30 iyn, 2022
01:53
1299

Teref.az sosial şəkələrdə paylaşılmış Saxavet Qafarovun şikayətini təqdim edir:
Cənab Prezident! Yazaraq Sizi məlum etmək istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasında hərc-mərclik, korrupsiya, rüşvət, məsuliyyətsizlik pik həddə çatıb. Belə ki, həyat yoldaşım 1993-cü il təvəllüdlü Qafarova Günel Şahin qızını 28.06.2022-ci il tarixdə saat 12-30 radələrində keçirdiyi hamiməlik dövrü səbəbilə (hemotoma) ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsinə aparmışdım. İlkin qeydiyyatın ardınca onu xəstəxananın Ginekologiya Şöbəsinə yerləşdirdilər. Həkim müayinəsindən dərhal sonra USM müayinəsi məsləhət görülür və həyat yoldaşım Güneli həkimin kabineti ilə yanaşı olan USM müayinə otağına yönəldirlər.
Deməli saat 12-52 radələridir, xəstə ağrılardan və qanaxmadan qıvrıla-qıvrıla qalıb, lakin vəziyyətindən aslı olmayaraq otağın qarşısında növbə gözləməkdədir. Ardıcıl şəkildə dəfələrlə zəng edirəm, zəngimə cavab vermir. Nəhayət saat 14-30 radələrində etdiyim zəng zamanı mənə "Hələki USM otağında növbəmi gözləyirəm" dedi. Buna əsəbləşək telefonu söndürdüm, təcili olaraq özümü Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırdım. Birbaşa baş həkim Ləman Hacıyevayanın və direktor Yaşar Əhmədovun otağına girərək onlara öz iradımı bildirdim. Mənə bildirdilər ki, məsələni araşdırıb doktor Gülnarə Osmanova barəsində lazım olan tədbirləri görəcəyik. Ancaq mən, onların tədbir görəcəyinə ehtiyac duymadım. Çünki artıq neçənci dəfə idi ki, belə halların şahidi olmuşdum. Bu necə özbaşınalıqdır ki, saat 12-52 radələrindən UMS gözləyən ağır xəstən ta ki, 14-35 radələrində müayinəyə buraxılır.
Belə davranış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsində göstərilən "Səhlənkarlıq" kimi qanunsuzluğa əsas verir. Üstəlik də yataq şəraitində müalicə tövsiyə olunur. Bu azmış kimi, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan USM üçün 6 (altı) manat məbləğində pul (rüşvət) alırlar, mənim rəhbərliklə iradımdan sonra isə qorxuya düşərək həmin pulu geri qaytarırlar. Bildiyiniz kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsilə sabitdir ki, bu əməl "Rüşvət alma (passiv rüşvətxorluq)" hesab olunur.
Cənab Prezident! Yuxarıda qeyd etdiyim özbaşınalıqlar, rüşvət hallarının çoxalması xəstəxana rəhbərliyinin təcrübəsiz və ya məsuliyyətsizliyindən irəli gəlir. İndi Sizə, irəli sürdüyüm iddianı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə əsaslandıracağam. Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində "Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır". Məlumunuz olsun ki, direktor Yaşar Əhmədov 2-ci qrup əlildir. "“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı maddə 2.2. əsasən "İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın" qeyd olunmuşdur.
İcbari Tibbi Sığorta, yaxud da TƏBİB vakant yerə təyin edəcəyi yeni direktoru müsabiqə vasitəsi ilə seçə bilərdi. Axı Göyçay 120000 (yüz iyirmi min) əhalisi olan bir rayondu və bəzi ətraf rayonlardan belə Göyçay Rayon Mərkəzi Xəstəxanasına xəstələr gəlməkdədir. Lakin olduqca maraqlı və eyni zamanda müəmmalı məsələdir ki, rayonumuzda heç də 2-ci qrup əlillik statusu olmayan, savadlı, idarəçilik sisteminə mükəmməl yiyələnmiş kadrlar kifayət qədər olduğu halda, 2-ci qrup əlil insanı rəhbər vəzifəsinə təyin edirlər. Sizcə də bu, qaranlıq məsələ deyildirmi? Aqibət isə xəstəxanada olan özbaşınalıqların artması ilə nəticələnmişdir.
Cənab Prezident! Sizdən Göyçay rayon sakini, ictimai fəal və ən əsası qanunsuzluqlarla üzləşən vətəndaş kimi çox xahiş edirəm, dr. Gülnarə Osmanovanın həyat yoldaşıma qarşı olan davranışı, rüşvət alması tərəfinizdən obyektiv araşdırılsın, bütün bu özbaşınalıqlara səbəb olan Yaşar Əhmədovun hansı müəmmalı yollarla rəhbər vəzifəsinə gəldiyi ortaya çıxarılsın.
Sizə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, haqq şikayətim tezliklə mənim də iştirakımla araşdırılacaq və təsirli tədbirlər görüləcəkdir.
Saxavet Qafarov
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
teref.az

Bizimlə əlaqə saxlayın