iyl
2022
12:15
111

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zakir Həsənov müşavirə keçirdi, revanşist qüvvələrə qarşı “hər an hazır olun” tapşırığını verdi

2 iyl, 2022
12:15
9111

İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər.
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ali hərbi rütbələrlə təltif olunmuş hərbi qulluqçuları bir daha təbrik edən müdafiə naziri onların göstərilən etimadı doğruldacaqlarına inandığını bildirib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxışı zamanı Azərbaycan Ordusunu bir daha yüksək qiymətləndirdiyini vurğulayaraq qarşıya qoyulan yeni vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq istiqamətində Ordumuzun üzərinə düşən bütün vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini ifadə edib.
Müdafiə naziri revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.
Müdafiə naziri yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların komplektləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib.
General-polkovnik Z.Həsənov komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.
Milli Müdafiə Universitetinin fəaliyyətinə dair məruzələri dinləyən nazir elmi potensialdan səmərəli istifadə edərək, hərb elmində tədqiqatların keyfiyyət əmsalının artırılmasının, o cümlədən müasir döyüş əməliyyatlarının elmi yanaşmalarla araşdırılmasının və hərbi təhsil müəssisələrində yeni metodlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb.
Hava temperaturunun yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejimin tələblərinə, həmçinin yanğın və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına nəzarətin vacibliyi qeyd edilib.
General-polkovnik Z.Həsənov azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı göstərişlər verib.
Nazir Ali Baş Komandanın müvafiq sərəncamına əsasən, elektron qaydada bölgüsü aparılan çağırışçıların müvafiq bölmələrdə yerləşdirilməsi, eyni zamanda, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması işlərinin mütəşəkkil qaydada icra olunması barədə aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.

Bizimlə əlaqə saxlayın