E-mail: [email protected]
Rusiya Ermənistan-Azərbaycan sərhədinə qoşun yığır - “Ölkəmizə qarşı olan məkirli siyasətin...”
"Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, Azərbaycanın Tovuz rayonu, Əlibəyli kəndinin bir kilometrliyində, Ermənistanın Tavuş vilayətinin Berd rayonunun Aygepar kəndi yaxınlığında bir aya yaxındır ki, Rusiya hərbi bazasının yerləşməsi üçün aktiv tikinti işləri gedir. Bu ərazi sovet dönəmində "Yak-40” təyyarələri üçün uçuş-enmə zolağı olub.
Berd rayonunda rus hərbiçiləri üçün tikilən müəmmalı inşaatın arxasında nə gizlənib? Orada hansı sayda rus hərbçiləri yerləşdiriləcək? Azərbaycan sərhədinə bitişik əraziyə Rusiya qoşunları niyə gətirilir? Bu suallara cavab olmasa da, ermənilər yeni rus bazalarının onların təhlükəsizliyinə təminat verdiyini vurğulayırlar.
Məsələni Qaynarinfo-ya şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edir ki, Ermənistanla sərhəd zonasında Rusiya hərbi bazasının olması Azərbaycanın təhlükəsizliyinə ciddi təhdiddir:
"Rusiyanın Ermənistanda bazasının olması və onların sülhməramlı adı altında Azərbaycanın Yuxarı Qarabağ ərazisində iştirakı regionumuzda davamlı sülh və əmin-amanlığın qarşısını alan əsas amillərdəndir. Eyni zamanda, bu Azərbaycanın təhlükəsizliyinə ciddi təhdiddir. Moskvanın Azərbaycan sərhədinə bir qədər də yaxınlaşması, bir çox beynəlxalq kommunikasiyaların keçdiyi Tovuz yaxınlığında hərbi baza qurması, Rusiyanın ölkəmizə qarşı olan məkirli siyasətinin nəticəsidir. Azərbaycan hakimiyyəti bu məsələyə münasibət bildirməlidir”.
Arif Hacılı məsələni beynəlxalq birliyin diqqətinə çatdırmağı da vacib bildi:
"Tovuz-Qazax istiqamətində Azərbaycanı Türkiyə və Qərblə birləşdirən bir çox kommunikasiya xətlərinin keçdiyini nəzərə alsaq, bu məsələ rəsmi Bakı tərəfindən həm də beynəlxalq birliyin diqqətinə çatdırılmalıdır. Çünki Azərbyacan ərazisindən keçən kommunikasiyalar və onların əhəmiyyətinin daha da artmasının gözlənildiyi bir məqamda kəmərin bir neçə kilometrliyində rus hərbi bazasının olması təbii ki, tək ölkəmiz üçün deyil, eyni zamanda Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir. Ona görə də məsələ tək Azərbaycanda yox, bütövlükdə beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır. Azərbaycan hakimiyyəti əlindən gələni etməlidir ki, bu təxrubatın qarşısını almağa nail olsun”.