E-mail: [email protected]
Zakir Həsənovdan Orduya bayram TƏBRİKİ
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunan müqəddəs Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.
Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu siyasətində milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət-ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərmişdir.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində respublikamızın beynəlxalq nüfuzu daha da artmışdır.
Azərbaycan dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq qələbə ordumuzun gücünü bir daha dünyaya nümayiş etdirdi.
Əminəm ki, bundan sonra da döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz.
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bayramınız mübarək olsun!".