E-mail: [email protected]
“Təxribatlar Üçüncü Qarabağ müharibəsinə gətirib çıxara bilər” - Deputat
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə ən yüksək kürsülərdən beynəlxalq, o cümlədən Ermənistan ictimaiyyətinin diqqətinə çatdırıb ki, Ermənistan-Azərbaycan müharibəsi və münaqişəsi artıq bitib. Postmüharibə dönəminin isə yeni reallıqları var və bu reallıqlar həllini gözləyən bir sıra məsələlərin diplomatik, siyasi yolla tənzimləməsini tələb edir. Bu da ilk növbədə iki dövlət arasında etimad mühitinin formalaşması ilə əlaqədar olub, sərhədlərin müəyyən edilməsi, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin işə salınması kimi məsələləri özündə ehtiva edir”.
Yenisabah.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, Ermənistan Azərbaycan, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən irəli sürülən yanaşmaları, prinsipləri qəbul edir, digər tərəfdən isə tez-tez atəşkəsi pozur: “Onlar belə etməklə beynəxlaq ictimai fikri dəyişmək, münaqişənin, müharibənin bitmədiyini göstərmək istəyirlər. Ermənistan ilk növbədə status məsələsini yenidən qabartmaq, eyni zamanda ölmüş ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etmək istəyir. Məhz bu səbəbdən son zamanlar atəşkəsi intensiv şəkildə pozmağa başlayıblar. Bu addımlar həm də Ermənistanın daxili auditoriyasına ünvanlanmış addımlardır. Yəni bu ölkədəki revanşistlər Paşinyanın heç də satqın olmadığını, onun prinsipial, qətiyyətli mövqe tutduğunu və kompromisə getmək niyyətinin olmadığını görsünlər. Onlar, sadəcə, şou yaratmaq istəyirlər. Ermənistan hakimiyyəti dərk edir ki, yeganə çıxış yolu qarışılıqlı əməkdaşlıq və etimad mühitinin formalaşdırılmasından keçir. Təxribatlar yolu isə Üçüncü Qarabağ müharibəsinə gətirib çıxara bilər. Bu isə Ermənistanın tamamilə məhv olması deməkdir”.
Deputat bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün ilk növbədə Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri ləğv edilməli və oradan çıxarılmalı, delimitasiya və demarkasiya məsələləri həllini tapmalı və Zəngəzur dəhlizi açılmalıdır: “Qanunsuz silahlı birləşmələr Qarabağ ərazisindən çıxarıldıqdan sonra orada yaşayan erməni əhalisinin siyahıya alınması həyata keçirilməli və say bəlli olmalıdır. Sonra isə ermənilərə Azərbaycan vətəndaşlığını, Azərbaycan pasportunu daşımaq istəmələri ilə bağlı təklif verilməlidir. Müsbət cavab qarşılığında onlar Azərbaycan vətəndaşı sayılmalı, əks təqdirdə isə Qarabağdan çıxarılmalıdırlar. Daha sonra isə həmin ərazilərə azərbaycanlı əhalinin köçürülməsi təmin edilməli və təhlükəsizlik mühiti formalaşdırılmalıdır. Bütün bunlar nəticə etibarilə sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmalıdır”.