13 
iyl
2022
14:22
82

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bölgələrdə icra başçılarından narazılıq - "Kiçik padşahlar" nə vaxt "süqut edəcək"?

13 iyl, 2022
14:22
1282

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov dünən vəfat etdi. Qazinin intihara cəhd etməzdən öncə yaydığı videoda Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarov haqqında ittihamları diqqət çəkdi. Elvin Cəfərov icra başçısının onu qəbul etmədiyini, işlə təmin etməkdən boyun qaçırdığını, hətta aşağıladığını bildirirdi. Yayılan videoda qazi israrla sındırıldığını, buna dözmədiyini vurğulayırdı.
 
Hadisənin səs-küy yaratması icra başçıları ilə bağlı problemlərin də yenidən gündəmə gəlməsinə səbəb oldu. Sirr deyil ki, bölgələrdə icra başçıları ilə bağlı narazılıq pik həddədir. Bu səbədəndir ki, Prezident İlham Əliyev də də dəfələrlə onlara xəbərdarlıq edib. Xəbərdarlıqlardan nəticə çıxarmayanlar isə dəmir barmaqlıqlar arasına göndərilib. Amma görünən odur ki, hələ də bu xəbərdarlıqlardan dərs çıxarmayanlar, insanları narazı salanlar var.
Hazırda çoxları artıq icra hakimiyyəti təsisatının ləğv edilməsi, yeni idarəetmə forması ilə əvəzlənməsinin vaxtı çatdığını düşünür.
 
Bununla bağlı Modern.az-a danışan deputat Fazil Mustafa da hesab edir ki, icra başçılarının fərdi qabiliyyəti və qabiliyyətsizliyi müəyyən rayonlarda problemlər yaradır.
 
Deputatın fikrincə, qazinin intiharı kimi konkret məsələlərdə isə idarəetmə formasının yanlışlığından söhbət gedir:
 

 
“Bələdiyyələrin fəaliyyəti yoxdur. Yerlərdə qazilərin problemləri ilə bələdiyyələr və vətəndaş cəmiyyətləri məşğul olmalıdır. İcra hakimiyyəti səlahiyyətsiz orqandır. Sadəcə görüntü olaraq rayonda böyük imkana malik, hər şeyi həll edən qüvvə kimi tanınırlar. Hansı rayonda icra başçısı cibindən pul xərcləyirsə, nisbətən sakitlik yarada bilir. Bu nə deməkdir? Dövlətdə cibdən xərclənmir, büdcənin məqsədli şəkildə müxtəlif sahələrə yönəldilməsindən söhbət gedir.
İcra başçılarının hamısının gözləri qorxub, addım ata bilmirlər. Əlavə gəlir mənbəyi kimi yalnız rüşvətə əl ata bilərlər. Buna görə də həbs edilirlər. Nəticədə, əksər başçılar nə rüşvət alırlar, nə də iş görürlər”.
 
F.Mustafa qeyd edib ki, şəhid ailələrinin üzvlərini, qaziləri yalnız məsləhətlə qəbul edib, danışaraq razı salmaq mümkün deyil:
 
"Onları işlə təmin etmək, bayramlarda, tədbirlərdə diqqətdə saxlamaq, mütəmadi problemləri ilə maraqlanmaq lazımdır. Bu isə məsrəflər hesabına başa gəlir. Bir rayonda şəhid ailəsi və qazi çoxdursa, icra hakimiyyətinin işi daha da çətinləşir.
Həmin həssas qrupların problemlərini dövlət üzərinə götürüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həll etməyə çalışır. Mərkəzləşmiş qaydada olduğuna görə, nazirlik də işin öhdəsindən lazımi səviyyədə gələ bilmir.

Yerlərdə elə struktur yoxdur ki, konkret insanla maraqlansın. Rayonlarda təkcə qazilər, şəhid ailələri belə vəziyyətdə deyil. Hər kəs sıxıntı, əziyyət içindədir. İşləyirlər, çalışırlar, ortada bir nəticə yoxdur. Üstəlik qiymətlər də durmadan bahalaşır, vəziyyət gərginləşir.
İcra hakimiyyətlərinin daxilində yaradılan Şəhid ailələri və qazilərlə iş şöbələri müraciətləri aidiyyəti qurumlara yönəldə bilərdi. Amma bir-iki addımla ümumi problem həll edilmir. Şöbəyə vəsait haradan gəlməlidir? Yenə icra başçısı təmin etməlidir. Bu gün icra başçısı işləmək çoxlarına görə əziyyətdən başqa bir şey deyil”.

Bizimlə əlaqə saxlayın