20 
iyl
2022
16:24
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qızmar Günəş altında çalışanlar: “Hər kəsə məlumdur ki, qaydalara əməl olunmur” - FOTO

20 iyl, 2022
16:24
1290

Bir neçə gündür ki, ölkədə kəskin isti hava şəraiti müşahidə olunur. İş şəraiti və maliyyə durumu imkan verən insanlar isti havadan qurtulub, istirahət etmək üçün müxtəlif yerlərə üz tuturlar. Ancaq yay-qış bilmədən işləyən insanlarımız var.
Əmək Məcəlləsində qeyd olunub ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olduğu zaman açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
Bəs görəsən, həqiqətdə qanuna əməl olunurmu? Ümumiyyətlə, bu necə tənzimlənir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib ki, isti havanı süni surətdə tənzimləmək mümkün deyilsə, iş prosesi dayandırılmalıdır:
“Bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Təkcə isti yox, soyuq və küləkli hava da. Həmin havada işçilərin etməli olduqları göstərilir. Tutaq ki, kəskin isti hava şəraiti var. Əgər orada kondisioner, digər sərinləşdirici qurğular varsa, iş davam edəcək. Yox, əgər tənzimləmək mümkün deyilsə, iş dayandırılmalıdır. 41 dərəcə isti üçün nəzərdə tutulan bir prosesdir”.
S.Məmmədovun sözlərinə görə, iş dayansa belə, işçinin gündəlik əməkhaqqısı ödənilməlidir:
“İşçidən asılı olmadan yaranan prosesdir. Ona görə də pul ödənilməlidir. Elə iş yerləri var ki, iş prosesini dayandırmaq mümkün deyil. Orada fasiləsizlik təmin olunmalıdır. Belə hallarda işəgötürən əlavə tədbirlər görməlidir. İş yerinin yanında istilikdən qorunmaq üçün çətirlər quraşdırılmalıdır. O zaman işçilər çətirin kölgəsində dincələ bilərlər. Bununla yanaşı, günvurmadan qorunmaq üçün sərinləşdirici maye qəbul etməlidirlər.
İşəgötürən işçinin sağlamlığını qorumalıdır. Çünki işçinin öhdəliyi onun üzərindədir. Hər kəsə məlumdur ki, qaydalara əməl olunmur. Bu da işçinin sağlamlığına ziyan vuracaq”.
Terapevt Sübhan Hacıyev isə əlavə edib ki, açıq havada çalışanlar arasında günvurma hallarına daha çox rast gəlinir:
“Yay aylarında daha çox rast gəlinən müraciət günvurmalarla bağlıdır. Buna açıq havada işləyən insanlar arasında daha çox rast gəlinir. Həmin şəxslər məcburiyyətdən işləyirlər. Ancaq sağlamlıqlarını da qorumalıdırlar. Günvurma Günəş şüasının beyin toxumasına təsiri nəticəsində yaranır”.
S.Hacıyev günvurmanın insan orqanizmi üçün ağır fəsadlar yaratdığını deyib:
“Günvurma nəticəsində bədən temperaturunun pozulması halı baş verir. İstiliyin alıb-vermə prosesi tamamən dəyişilir. Beyində qan dövranının pozulması kimi ağır fəsadlara rast gələ bilərik. Əlamətləri ürəkbulanma, qusma və ishaldır.
Ona görə də məsləhətdir ki, 12:00-dan 17:00-a qədər olan vaxtlarda insanlar Günəşin altında olmasınlar. Məcburiyyət qarşısında olanlar qorunmaq üçün baş geyimlərindən istifadə etməli, açıq, əlvan rəngli tonlara üstünlük verməlidirlər. Bir saatdan bir 250-300 litr su qəbul olunmalıdır. Çünki Günəşin altında maye buxarlanması baş verir. Bununla qan qatılaşa, qan dövranı prosesi pozula bilər”.
Qeyd edək ki, iyulun birinci ongünlüyünə olan məlumata görə, yay mövsümü başlayandan günvurma ilə bağlı TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 nəfər müraciət edib. Onlardan 13 nəfəri hospitalizasiya edilib, üç nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 13-ü böyük, üçü uşaq olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə isə, günlərlə davam edən istilərdən sonra Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

Bizimlə əlaqə saxlayın