E-mail: [email protected]
Həbsdəki jurnalistlərin humanist məhkəmə qərarına ehtiyacları var
Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəyli bir ildir ki, həbsdədirlər. Onların həbsi, ittiham olunduqları cinayət əməlində nə dərəcədə təqsirlərinin olub-olmadığı ilə bağlı nəsə danışmaq istəmirəm. Çünki bu detallarla ətraflı tanış deyiləm.
İstinatqın gəldiyi nəticəni isə heç vaxt birtərəfli olaraq möhtəbər dəlil kimi qəbul edə bilmərəm. Çünki istənilən cinayət əməlinə ən son qiyməti məhkəmə verir. Bildiyim odur ki, hazırda eyni ittiham üzrə həbs edilən hər iki jurnalist ölkənin nüfuzlu media quruluşlarında çalışıblar, media sahəsində az da olsa xidmətləri var.
Sənan Həsənoğlu AzTV-dən tutmuş, bir çox televiziya kanallarının Qarabağ bölgəsi üzrə müxbiri olub. İlqar Atabəyli də çox istedadlı qələm adamı kimi bir çox media quruluşlarında çalışıb. Nə qədər maraqlı olsa da, cəmi bir epizod üzrə cinayət əməlində təqsirli bilinən bu jurnalistlərlə bağlı bir ildir ki, məhkəmə keçirilmir.
Bunun səbəbi bir necə məhkəmə instansiyasının bu işə baxmaqdan imtina etməsi ilə izah edirlər. Nəhayət ki, jurnalistlərin məhkəməsinin vaxtı məlum olub. İşə iyun ayının 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Hər iki jurnalisti yaxından tanıyıram, hazırda onların ailə vəziyyətləri olduqca acınacaqlıdır. Onların hər ikisinin himayəsində azyaşlı uşaqları var.
Ailənin yeganə qazanc gətirənləri bunlar olub. Sənan Həsənoğlu Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Ağır əməliyyatı keçirib, ürəyinə 7 stend qoyublar. Səhətinin ağır olması səbəbindən hazırda Penitensiar Xidmətin Müalicə Müəsissəsində saxlanılır.
İlqar Atabəyli isə hazırda Gəncə türməsindədir. Onun ailəsi isə Bakıda yaşayır. Ailəsinin onun yanına sovqat aparmağa belə imkanı çatmır. İlqarın bir övaldı ağır xəstədir. Jurnalist cameəsinin çoxu bilir ki, yazdıqlarım həqiqətdir.
Əminəm ki, hər iki jurnalist etdikləri səhvin məsuliyyətini bu bir illik dönəmdə lazımınca anlayıblar. Eyni zamanda iş üzrə şikayətçi olan şəxslər onları bağışlayıb, heç bir şikayətləri yoxdur. Buna görə, həmkarlarımızdan xahişim budur ki, onların həbsdən azad olunması istiqamətində gücümüz çatan dəstəyi əsirgəməyək.
Ölkə rəhbərliyindən, işə baxacaq məhkəmdən xahiş edək ki, yuxarıda göstərilənləri nəzərə almaqla onlarla bağlı nisbətən yüngül, həbsli olmayan cəza növü seçsin. Bir sözlə, hər iki jurnalistin humanist məhkəmə qərarına ehtiyacı var. Allah hər ikisinə kömək olsun!