E-mail: [email protected]
YAP-çı deputatdan SOS: “Ölkədə qarışıqlıq yaratmaq cəhdləri var”
Son vaxtlar Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun fəallığından çox danışılır. Ölkədəki bir sıra neqativ olaylar, o cümlədən korrupsiya və məmur özbaşınalığı hallarının artmasında da həmin qüvvələrin rolunun olduğu bildirilir.
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən millət vəkili Aydın Hüseynov bildirib ki, “5-ci kolon”un ölkədə qarışıqlıq, çaxnaşma yaratmaq cəhdləri mövcuddur, lakin bu cəhdlər fiaskoya uğrayacaq:
“Azərbaycanın təhlükəsizlik xidməti, hüquq-mühafizə orqanları tərəfindən bu kimi cəhdlərin qarşısı alınır və alınacaq. Hesab edirəm ki, “5-ci kolon”u həvəsləndirən, onları Azərbaycan dövlətçiliyinə qarşı təhrik edən mərkəzlər öz istəyinə nail olmayacaq. Ən başlıcası odur ki, Azərbaycan xalqının mütləq əksəriyyəti ölkə iqtidarını dəstəkləyir. Çünki Azərbaycan dövlətinin rəhbərləri xalqın arzu və istəklərini həyata keçirir. Bu gün Azərbaycan xalqı dəmir yumruq kimi birləşib qələbə qazanıb. Hazırda Qarabağda böyük quruculuq işləri həyata keçirilir. Xalq öz inkişaf yolunu, arzu və istəklərinin artıq reallaşdığını görür".
A.Hüseynov “5-ci kolon”un əhali arasında qarışıqlıq yaratmaq cəhdlərinə də diqqət çəkib:
"Əlbəttə ki, “5-ci kolon” var və dəridən-dırnaqdan çıxır ki, ölkədə qarışıqlıq yaratsınlar. Azərbaycan dövləti çox güclüdür və onun arxasında bütövlükdə xalq dayanır. “5-ci kolon” isə Azərbaycanda dövlətin zəifləməsinə çalışır. Bu gün xarici ölkələrin təsirinə düşən, öz xalqı və dövlətinin əleyhinə gedən “5-ci kolon”nun nümayəndələri yanıldıqlarını bilməlidirlər. Hüquq-mühafizə orqanları, xüsusilə DTX onların qarşısını çox məharətlə alır və alacaq".
Millət vəkili qeyd edib ki, “5-ci kolon” bütün strukturlara sirayət etməyə çalışır:
“Onların məqsədi hər bir struktura əl atmaqdır. Ümumən Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə gedən hər bir addıma qarşı öz münasibətimizi sərt şəkildə bildirməliyik. Çünki dövlət bizimdir və bu Vətənin övladlarıyıq. Hazırda dünyada çox mürəkkəb geosiyasi proseslər gedir. Ona görə də biz dövlətçiliyimizi hər zaman qorumalıyıq. Hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalıdır”.