28 
iyl
2022
17:18
110

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Heydər Parkı”nı dağıdan şirkət YAP-çı deputata məxsusdur - Video

28 iyl, 2022
17:18
12110

“Kristal Abşeron” MKT-nin “Park Əcəmi” layihəsi çərçivəsində Bakının Nəsimi rayonu Rəşid Məmmədov 25 ünvanında yerləşən “Heydər Parkı”nın sökülməsi və yerində bina tikilməsi haqqında dünən məlumat vermişdik. 
Yenisabah.az mövzu ilə bağlı qısa araşdırma aparıb və məlum olur ki, sözügedən park uğrunda şirkətlə dövlət qurumları arasında xeyli vaxtdır mübarizə gedir. 
Belə ki, 2021-ci il 15 noyabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı həmin ünvanda ağacların kəsilməsi faktı aşkarlanıb, ərazidə tikinti aparan “Xəzər İnşaat-XXI Əsr” MMC-nin təbiətə 26580 manat ziyan vurması müəyyənləşdirilib, toplanmış sənədlər baş Prokurorluğa göndərildikdən sonra şirkətə həmin məbləğ cərimə olaraq kəsilib. Bildirək ki, “Xəzər İnşaat-XXI Əsr” MMC “Kristal Abşeron” MKT-nin nəzdində yaradılmış qurumdur. 
Buna baxmayaraq, şirkət həmin ərazidə tikinti işləri aparmağa və parkın ərazisini kiçildərək ağacların kəsilməsinə davam edib. Növbəti dəfə 2022-ci il 21 yanvar tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə ağac kəsintisi faktı müəyyən edilib. Bu dəfə MMC-nin təbiətə 67 min 680 manat məbləğində ziyan vurduğu məlum olub. Toplanmış sənədlər Baş Prokurorluğa göndərildikdən sonra şirkət yenidən həmin məbləğdə cərimələnib.
Daha sonra 2022-ci il 10 may tarixində Nəsimi rayonu Rəşid Məmmədov küçəsi 25 ünvanında yaşayan sakinlər “Oxu.az” saytına şikayət məktubu ünvanlayaraq ərazidə yenidən ağacların kəsildiyini iddia ediblər. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məsələyə açıqlama verərək bildirib:
“Sözügedən ünvanda tikinti işi aparan “Xəzər İnşaat XXI əsr” MTK tərəfindən bu ilin yanvar ayında ərazidə qanunsuz ağac kəsildiyinə görə tərəfimizdən qanunamüvafiq tədbirlər görülüb və toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
Lakin hələlik bununla bağlı prokurorluğun hansı qərar qəbul etdiyi bəlli deyil. 
Bu gün Yenisabah.az əməkdaşları ərazidə olub. 2 dəfə ümumilikdə 94 min 260 manat cərimə edilən “Xəzər İnşaat XXI əsr” MTK yenidən binanın tikintisini davam etdirir. Ərazi hasarlanlıb, “Park Əcəmi” layihəsi çərçivəsində tikinti işləri aparıldığı haqda elan verilib. 
Tikinti aparılan yerdə demək olar ki bütün ağaclar kəsilib, parkın əhəmiyyətli hissəsi zəbt olunub. Parkın qalan ərazisində də növbəti binaların tikilməsi ehtimalı və “Heydər Parkı”nın yaxın bir neçə ildə tamamilə yox olacağını ehtimal etmək çətin deyil. 
Xatırladaq ki, sözügedən park Bakıda tikilən ilk “Heydər Park”larından biridir. Bəs dövlətin, xüsusən də parkın ərazisini dəfələrlə xəbərdarlıq və 100 min manata yaxın miqdarda cərimə olunmasına baxmayaraq, şirkət bu tikintini hansı əsasla aparır? Hansı ki, rəsmi dövlət qurumu məsələ haqda prokurorluğa müraciət edib və iş araşdırılır. Araşdırma başa çatmamış tikinti aparmağa kim icazə verib? Ərazini şirkətə hansı qurum satıb?  Bu suallar hələ ki açıq qalır.
Onu da xatırladaq ki, mediada yayılan məlumatlara görə, “Kristal Abşeron” şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. A. Vəliyev Heydər Əliyevin qurduğu Yeni Azərbaycan Partiyasının üzvüdür və bu partiyanın xətti ilə deputat seçilib.
Məhv edilmiş parkın hazırkı görüntülərini təqdim edirik: 
Nurlan Cəfəri





Bizimlə əlaqə saxlayın