29 
iyl
2022
17:03
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Dövlət və hərbi sirlərin mediaya çıxmasına görə məsuliyyət daşıyan məmurlar qanundan kənarda qalmasınlar - RƏY

29 iyl, 2022
17:03
7387

Mətbuatda davamlı olaraq reket jurnalistika ilə mübarizə aparılır. Peşəkar jurnalistlərin də bu vəziyyət qarşısında bəzən peşə fəaliyyəti kölgəyə düşür. Ötən gün baş prokuror Kamran Əliyev “Real TV”yə  müsahibəsində də bu məsələyə toxunub. 
Reket, şantajla məşğul olan, özünü jurnalist kimi təqdim edən şəxslərə qarşı mübarizənin zəruriliyi önəmlidir. Qanunvericilik bu şəxslərlə mübarizə aparır. Bəs media özü bu kimi hallarla nə cür mübarizə aparmalıdır?
Peşəkar jurnalistika bu cür “jurnalist”lərin ifşa olunmasında maraqlıdır. Bəs hansı aktiv tədbirlər həyata keçirilir?
Mövzu ilə bağlı Oxu.Az-a danışan “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, jurnalist adından sui-istifadə halları peşəkar medianın nüfuzuna ziyan vuran problemlərdən biridir:
“Eyni zamanda bu hallar peşəkar media ilə cəmiyyətin arasında etimad mühitini zədələyir. Ən təhlükəli odur ki, jurnalist adından sui-istifadə edilməsi insanların şərəf və ləyaqətinə toxunur, şəxsi həyata müdaxilə halları yaradır və dövlət sirlərinin mühafizəsinə zərbə vurur. Peşəkar medianın və peşəkar jurnalistikanın rolu əhəmiyyətlidir. Peşəkar media həm öz nümunəsi ilə reketlərin fəaliyyət dairəsini məhdudlaşdıra, həm də görülən qanuni tənbeh tədbirlərinin mahiyyəti barədə doğru ictimai rəy yarada bilər.
Prinsipcə, azad söz və ifadə azadlığı toxunulmazdır. Ancaq reketlər və sui-istifadəçilər demokratiyanın bu böyük dəyərinə kölgə salırlar. İlk növbədə maarifçi tədbirlərlə media savadlılığının artırılması davam etdirilməlidir. Jurnalist adından sui-istifadənin ətrafında kəskin ictimai qınaq mühiti yaradılmalıdır. İnsanları şantaj etməklə pul qazanmaq niyyətlərinin jurnalist adına böyük ləkə olduğu şüurlara həkk edilməlidir. Şəxsi həyata müdaxilənin mediada böyük tərbiyəsizlik olduğuna bütün cəmiyyət inanmalıdır”.
A.Quliyev onu da əlavə edib ki, dövlət sirri sayılan məzmunlara mediada qeyri-ciddi münasibətin cinayət olduğunu hər kəs bilməlidir:
“Məqsədli şəkildə dövlət sirlərinin və ordumuzun qanuni mənafelərinin hədəfə alınması cəhdlərinin qarşısı sərtliklə alınmalıdır. Qanunu və peşə etikasını ardıcıl və məqsədli pozan hər bir jurnalist bilməlidir ki, bu addımları atdığı anda medianın qanuni müdafiəsini itirmiş olacaq. Peşəkar media reket və sui-istifadəçi jurnalistlərin ifşasında fəal olmalıdır. Bir vacib cəhət də odur ki, mediaya dövlət və hərbi sirlərin çıxmasına görə məsuliyyət daşıyan məmurlar da qanundan kənarda qalmamalıdırlar. Hər şeyə hərbi və ya dövlət sirri adı qoyaraq, özünü mediadan kənara çəkmək istəyən dövlət orqanları və məmurlarla da izahat işləri aparılmalıdır. Reket və sui-istifadəçi jurnalistika ilə mübarizə peşəkar medianın, cəmiyyətin və dövlətin birgə işi olmalıdır. Əks-tədbirlər media maarifçiliyi və müvafiq dövlət orqanlarının qanuni addımlarına əsaslanmalıdır”.

Bizimlə əlaqə saxlayın