E-mail: [email protected]
Qazilərə qarşı dələduzluq edən şəxsin icra başçısının qardaşı oğlu olduğu üzə çıxdı - FOTO/VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq etmiş şəxsin icra başçısının qohumu olması müəyyən edilib.
Bakupost.az xəbər verir ki, iyulun 27-də saxlanılan Elvin Əliyev Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğludur. Məlumata görə, həmin şəxsin ilk dələduzluğu olmadığından, icra başçısı onu xilas etməyə çalışmayıb.
Qeyd edək ki, vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb, sonuncuların yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim edib, birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri ilə mobil telefon əlaqəsi yaradıb, onlara dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünə məxsus bank hesabına köçürülməsini təmin edib, dələduzluq yolu ilə ələ keçirib.
Bu əməllərinə görə Elvin Əliyev 27 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.