E-mail: [email protected]
Səlim Müslümov yenidən məhkəmə qarşısına çıxarılır
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Turkdunyasi.az Modern.az-a istinadən xəbər verir ki, cinayət işinə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin icraatında baxılacaq.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Onun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Səlim Müslümovun dövlətə rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. O, dəymiş ziyanın 6.974.428 manatını ödəyib.
Sabiq nazir barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən keçmiş nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
Bir müddət sonra eks-nazir səhhətindəki problemlə əlaqədar ev dustaqlığına buraxılıb.