E-mail: [email protected]
“Qisas” əməliyyatı Zəngəzura yolumuzu açdı? - DETALLAR
Erməni separatçılarının Qarabağda törətdikləri təxribatlara şanlı Azərbaycan ordusu “Qisas” əməliyyatı ilə tutarlı cavab verdi. Qısa zaman ərzində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilən antiterror əməliyyatından sonra Zəngəzur dəhlizinin açılması, tarixi Azərbaycan ərazilərinə gediş-gəlişin təmin edilməsi, qərbi azərbaycanlıların öz dədə-baba yurduna qayıdışı, Göyçə və Zəngəzurun qaytarılması məsələləri gündəmə gəldi.
Ekspertlər düşünür ki, ermənilər 10 noyabr üçtərəfli bəyanata əməl etmədiyi təqdirdə, Azərbaycan öz tarixi torpaqlarına qayıdış məsələsini önə çəkməli və bununla bağlı Ermənistan qarşısında tələblər qoymalıdır.
Bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, “Qisas” əməliyyatı ermənilərə öz yerini göstərdi, eyni zamanda Azərbaycan Ordusu növbəti dəfə gücünü nümayiş etdirdi.
“Azərbaycanın mövqeyi həmişə olduğu kimi ədalətli və doğrudur. Azərbaycan imzaladığı bütün müqavilələrə və şərtlərə sadiqdir. Bundan sonra da öz sədaqətini göstərəcək. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir neçə müddəası, o cümlədən dördüncü bəndi ermənilər tərəfindən əsassız bəhanələrlə ləngidilir. Onlar öhdəliyinə götürdükləri məsələnin həllindən yayınmağa çalışırlar", - deyən komitə sədri vurğulayıb ki, qanunsuz terrorçu silahlı birləşmələr Azərbaycanın ərazilərdən dərhal çıxarılmalıdır:
“Bu, üçtərəfli bəyanatın 4-cü maddəsində xüsusilə qeyd edilib. İndiyə qədər maddəyə riayət edilməyib. Təəssüf ki, Rusiyanın sülhməramlıları - əslində üçtərəfli bəyanatın yerinə yetirilməsinə məsul və nəzarət etməli olan hərbi kontingent də üzərinə düşəni etməyib. Ruslar hələlik susqunluq nümayiş etdirirlər.
Orada terrorçu dəstələrin olması hər an bölgədə sabitliyin pozulmasına, qanuni vəzifə borcunu yerinə yetirən Azərbaycan hərbçilərinə qarşı təxribatlara səbəb ola bilər. Öncədən də ermənilər tərəfindən müxtəlif şəraitdə Qarabağda yaşayan işçiləri, mülki insanları və hərbçilərimizi atəşə tutmuşdular. Bizim əsas niyyətimiz odur ki, bölgədə davamlı sülh təmin edilsin. Əməkdaşlıq, əmin-amanlıq həyata keçirilsin və Cənubi Qafqaz bölgəsində uzun müddət tərəqqiyə xidmət edəcək əməkdaşlığın əsası qoyulsun”.
Musa Quliyev onu da qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə dediyi kimi, Azərbaycanın dəstəklədiyi “Altılıq platforması” regionun inkişafında öz rolunu oynaya bilər:
“Bu, bütövlükdə bölgədə marağı olan 6 dövlətin iqtisadi inkişafına və əməkdaşlığına səbəb ola bilər. Təəssüflər olsun ki, erməni tərəfi bu məsələni ləngidir, İran tərəfindən də bəzən ermənilərə dəstək bəyanatları eşidirik. Sərhədlərin demarkasiya və delimitasiyası başa çatdıqdan sonra Azərbaycan düşmənçilik və ayrı-seçkilik münasibətlərini aradan qaldırılması üçün diplomatik əlaqələrin bərpa olunmasında maraqlıdır. Azərbaycan tərəfi dəfələrlə bu xoş niyyətini bəyan edib.
Zəngəzur, Göyçə, İrəvan, Çuxuryurd Azərbaycanın qədim torpaqlarıdır. Öz kökünə bağlı olan hər bir azərbaycanlının ən azı o yerləri ziyarət etmək, ulu babalarının məzarlarına getmək, xatirələrini yaşatmaq və bölüşmək hüququ tanınmalıdır.
Ölkə başçısının söylədiyi kimi: “Biz o ərazilərə gedəcəyik. Nə zaman, hansı nəqliyyat vasitəsi ilə gedəcəyiksə, özümüz müəyyənləşdirəcəyik. Nə qədər ki, ermənilər ağıllarını başlarına yığmayıb bu düşüncədə olacaqlar, işğalçılıq və revanşist niyyətlərini yaşadacaqlarsa, onların dövlət kimi çöküşü daha da tezləşəcək. Bunu özləri dərk etməlidir. Bölgə dövlətləri xüsusilə Ermənistan, Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq, birgəyaşayış və sülh şəraitində əlaqələrin qurulmamasına maraqlı olmalıdır. Bunu etməsə, Ermənistanın süqutu sürətlənər. Düşünürəm ki, “Qisas” əməliyyatı vaxtında, düzgün yerinə yetirilmiş hərbi gedişdir. Amma gələcəkdə daha böyük əməliyyatlar həyata keçirmək hüququmuzu da özümüzdə saxlayırıq. Üçtərəfli bəyanatın şərtlərinə əməl olunmasına çalışırıq”.
Milli Məclisin deputatı Cavanşir Feyziyev isə “Qisas” antiterror əməliyyatının erməni təxribatına qarşı tutarlı cavab olduğunu söyləyib. Deputat bildirib ki, Azərbaycan ərazisində dövlətçiliyimizə və suverenliyimizə qarşı atılan hər bir addım belə amansız cəza tədbiri ilə cavablandırılacaq:
“Bu, Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən kriminal qruplar üçün bir dərs olmalıdır. Seçdikləri yolun perspektivsiz olduğunu anlayan təxribatçılar və terrorçular silahı yerə qoyub Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olmalı və ya ölkə ərazisini tərk etməlidirlər. Hesab edirəm ki, “Qisas” əməliyyatı bunu düşmənlərimizə anlatdı” .
C. Feyziyevin sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanla ikibaşlı oyun oynamaq mümkün deyil:
“Ermənistan Vətən müharibəsindən sonra bu günə qədər imzaladığı üçtərəfli bəyanatlarla nəzərdə tutulmuş müddəaların hamısını qeyd-şərtsiz yerinə yetirməlidir. Dəfələrlə dediyimiz kimi, Ermənistanın başqa yolu yoxdur və onun nicatı Azərbaycanın əlindədir. Ermənistanda dövlət siyasəti peşəkar səviyyədə yox, həvəskar səviyyədə həyata keçirilir. Onların imzaladığı sənədlərin heç bir əhəmiyyəti yoxdur. Hökumət başçısı bəzən özünün imzaladığı sənədin əleyhinə fikirlər səsləndirir, götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və Azərbaycanla hər hansı bir məsələ ətrafında razılığa gəldikdən sonra digər dövlətlərlə həmin razılaşmaların əleyhinə birgə fəaliyyət göstərməyə cəhdlər edir. Bütün bunlar Ermənistan siyasətini çıxışı olmayan labirintə aparır. Eyni məsələ üzrə hər gün yeni fikrə düşmək Ermənistan siyasətçilərinin səbatsızlığından və naşılığından xəbər verir".
Deputat qeyd edib ki, Ermənistan rəhbərliyinin oxunması heç də çətin olmayan siyasi oyunları gülünc doğurur:
"Məsələn, Paşinyan bir tərəfdən həm Rusiya vasitəsilə, həm də Brüssel vasitəsilə Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışdığını göstərir. Digər tərəfdən Qarabağ ərazisində təxribatlar təşkil etməklə beynəlxalq təşkilatların və bəzi dövlətlərin diqqətini guya hələ də problemin həll olunmadığına cəlb etməyə çalışır. Bu yolla artıq tarixə qovuşmuş “Minsk Qrupu”nun fəaliyyətinin bərpa olunacağına ümidlər bəsləyir. Hər dəfə törətdikləri təxribata görə ciddi şəkildə cəzalandırılmasına baxmayaraq, Ermənistan hökuməti və müxalifəti hələ də məntiqsiz addımlar atmaqda və regionda sabitliyin bərpa olunmasına maneçilik törətməkdə davam edir. Bunu öz xoşları ilə, yoxsa bölgədən kənar qüvvələrin himayədarlığı ilə edirlər, bizim üçün önəmli deyil. Amma Ermənistan həqiqəti anlamalıdır ki, belə bir siyasət heç də onların xeyrinə işləmir”.
Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.