10 
avq
2022
22:48
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Arvadının xəyanət etdiyini deyib, qayınatasını diri-diri yandırıb öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI

10 avq, 2022
22:48
1259

Bakıda qayınatasını diri-diri yandıran şəxsə hökm oxunub.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrında baş verib.
Belə ki, 43 yaşlı Rövşən Əhmədov (soyad şərtidir) arvadı Lamiyə Əhmədovanın (soyad şərtidir) ona xəyanət etməsindən şübhələnib. Həyat yoldaşı evi tərk edəndən sonra onu axtarmaq üçün qayınatasıgilə gəlib. İçkili halda qayınatası Mütəllim Tağıyevin evinə gələn Rövşən onun üzərinə benzin tökərək yandırıb. Nəticədə Mütəllim Tağıyev ölüb.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmədə ifadə verən Rövşən Əhmədov bildirib ki, əməlindən peşmandır:
“Lamiyə ilə 2003-cü ildə ailə qurmuşuq. Üç övladımız var. Hadisə baş verən gün o, mətbəxdə idi. Mən onun telefonunun səsinə yuxudan oyandım. Davamlı olaraq zəng gəlirdi. Mən də ona dedim ki, telefonunun parolunu açsın. Bundan sonra ona zəng edənin “Nərgiz Sulutəpə” adlı şəxs olduğunu gördüm. Daha sonra həmin nömrəyə öz telefonumla zəng etdim. Telefonu açan kişi idi. Mənim həmin şəxslə əsəbi danışdığımı görən kimi Lamiyə evdən çıxdı. Bundan sonra başa düşdüm ki, Lamiyə mənə xəyanət edir. Mən onun anası və atasını evə çağırdım. Qayınatam gəlib dedi ki, “qızıma istədiyini et, mən qarışmıram”.
Mən Lamiyəni axtarmağa başladım. Qayınanam dedi ki, onlara getməyib. Mən inanmadım. Həmin vaxt səkkiz-doqquz butulka pivə içmişdim. Qayınanamgilə gəlib dedim ki, üstümə benzin töküb özümü yandıracam. Həmin vaxt əlimdəki benzin evə töküldü. Bir neçə damçı da şalvarıma düşdü. Siqareti yandırdıqda qığılcım üstümə düşdü və yandı. Tez əlimdəki benzin qabını bloka atıb özümü söndürməyə çalışaraq oradan uzaqlaşdım. Yaxınlıqdakı məktəbin həyətində 5-10 dəqiqə oturub sakitləşdikdən sonra evimə getdim. Daha sonra Lamiyə ilə bağlı məlumat əldə etmək üçün polis bölməsinə getdim. Qayınatamı qəsdən yandırmamışam”. 
Mərhum Mütəllim Tağıyevin həyat yoldaşı Tahirə Tağıyeva məhkəmədə verdiyi ifadədə bildirib ki, Rövşən qəsdən evdə yanğın törədib:
“Rövşən içki içdiyi üçün qızımla aralarında tez-tez mübahisələr olurdu. Həmin gün də nəvəm zəng edib bizə gələcəklərini dedi. Uşaqlar hadisə zamanı bizdə olublar. Biz də uşağın zəngindən sonra durub onlara getdik. Rövşən hadisəni danışanda biz ona dedik ki, “bacarmırsan, boşan, biz bir söz demirik”.
Rövşən israrla qızımın harada olduğunu soruşurdu. Lamiyə rəfiqəsigildə idi. Lakin mən bunu Rövşənə demədim. Daha sonra gecə saatlarında Rövşən bizə gələrək benzini Mütəllimin üstünə töküb od vurdu. Yanğın böyük olduğu üçün söndürə bilmirdik. Hadisədən sonra Rövşən oğluna zəng edərək Mütəllimin vəziyyətini soruşub və deyib ki, “hələ nənəni də yandıracağam”.
Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədov CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə təqsirli bilinib və 18  il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Bizimlə əlaqə saxlayın