E-mail: [email protected]
İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda hotelin açılışında iştirak ediblər - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” hotelinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci vitse-prezidentə hoteldə görülən işlər barədə məlumat verib.
Bildirildi ki, dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan “Basqal Resort & Spa” hoteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.
Qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən müasir və möhtəşəm “SƏDƏF” restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan “MÜCRÜ LOBBY LOUNGE”da zərif və ənənəvi Azərbaycan çayından içərək dincələ bilərlər. Həmçinin “VİTAMİN BAR”da sərin hovuz ətrafında əylənərək və qəlyanaltılardan dadaraq gününü mənalı keçirəcək, meşələrlə əhatələnmiş “PALID CAFE”nin xoş mühitli söhbətgahlarında ailə və dostlarla gözəl anlar yaşayacaq və ya “RAST”ın bənzərsiz atmosferində heyrətamiz mənzərələrdən və qeyri-adi mətbəxdən zövq alacaqlar.
Qeyd edilib ki, “KIDS CLUB” hər yaşda əyləncə axtaran uşaqlar üçün qapalı məkanda və açıq havada oyun meydançaları olan ideal yerdir. Burada peşəkar animasiya komandası gün ərzində uşaqların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsini təmin edəcək. “LİMON CAFE”də balaca qonaqlara müxtəlif ləzzətli təamlar təklif olunacaq. “ECAZ” zalı bol çeşidli açıq bufetdə şirniyyatlar, yerli və dünya mətbəxinin isti yeməklərini təklif edən dəbdəbəli restoran, həmçinin toy, təntənəli günlərin keçirilməsi üçün 500-ə qədər qonağı rahatlıqla qəbul edə biləcək möhtəşəm məkandır. Hotelin qonaqları “HAZE Club & Karaoke Lounge”da peşəkar barmenlərin hazırladığı məşhur kokteyllərdən və ləzzətli qəlyanaltılardan dada bilərlər.
Diqqətə çatdırılıb ki, “NİYAL SPA” geniş sahədə yerləşən 4 prosedur otağı, masaj otağı, 2 türk hamamı, 2 fin saunası, 2 buxar otağı, istirahət zonası və yay terrası ilə qapalı üzmə hovuzu təklif edir.
“Basqal Resort & Spa”nın 120 nəfərlik “Hələbi” və “Heyrati” konfrans zallarında biznes konfrans, seminar və tədbir keçirmək üçün hər cür şərait yaradılıb. Həmçinin açıq havada tədbirlərin keçirilməsi üçün burada geniş imkanlar mövcuddur.
Bildirilib ki, hotelə gələn qonaqlar İsmayıllı rayonunun ərazisində çoxsaylı gəzinti, yürüş və velosiped cığırlarından yararlana bilərlər. “Basqal Resort & Spa” təbiətin qoynunda istirahət və əyləncə dolu yeni məkandır.
12:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” hotelinin açılışında iştirak ediblər.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.