E-mail: [email protected]
Ermənistan Gürcüstandan kömək İSTƏDİ
Ermənistan hökuməti “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsindəki sıxlığı nəzərə alaraq, Gürcüstan tərəfindən alternetiv magistrallar məsələsini nəzərdən keçirməsini xahiş edib.
Turkdunyasi.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, son dövrlər yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib:
“Gürcüstanın tranzit dəhlizi tıxac rejimində işləməkdə davam edir. Müvafiq dövlət orqanlarının fasiləsiz şəkildə, 24 saat işləməsinə baxmayaraq, yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib. Yuxarı-Lars keçid məntəqəsi Ermənistan və Rusiyanı birləşdirən yeganə quru gömrük məntəqəsidir ki, burada da sıxlıq səbəbindən tranzit yüklərin daşınması bir neçə həftə gecikir. Bu da Ermənistan Respublikası üçün ciddi problemlərə səbəb olur.
Qeyd olunan problemlə əlaqədar, Ermənistan hökuməti Gürcüstan hökumətindən Ermənistanın tranzit yüklərini, ərzaq və tez xarab olan məhsulların Lars sərhəd-keçid məntəqəsinə alternativ olaraq dəniz nəqliyyatı ilə daşınması məsələsinə nəzər salmağı xahiş edir.
Dənizə çıxışı olmayan Ermənistan Respublikası ənənəvi olaraq Gürcüstan limanlarından istifadə edir və beynəlxalq ticarətdə iştirak edir. Bu baxımdan Gürcüstanın “Dənizə çıxışı olmayan dövlətlərin tranzit ticarəti haqqında” Beynəlxalq Konvensiyanın üzvü olması əlamətdar bir haldır. Bu konvensiyaya uyğun olaraq, dənizə çıxışı olmayan dövlətlər dənizə sərbəst çıxışa malik olmalı və dənizə sərbəst çıxışdan istifadə etmək məqsədilə sahilyanı dövlətlərlə bərabər şərtlərdə olmalıdırlar”, - deyə məlumatda qeyd edilir.