E-mail: [email protected]
Üç min dollara satılan qaz: “Yüksək qiymət stabilliyi pozur” - Deputatdan AÇIQLAMA
“Qazprom”un Qərbi Avropa ölkələrinə mavi yanacağın nəqlində fasilələrin olacağını bəyan etməsi ondan xəbər verir ki, Avropa İttifaqı kifayət qədər çətin payız və qış mövsümü ilə üz-üzədir. Ona görə də Avropada qazın qiymətinin artması gözlənilən idi”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov səsləndirib. İqtisadçı Avropada qazın spot qiymətinin ötən gün tarixi rekordunu yeniləyərək 1000 kubmetr üçün 3000 dollara yüksəlməsini şərh edib:
“Son bir ildə Azərbaycan Avropaya 14 milyard kubmetrə yaxın qaz nəql edib. Həmçinin Avropaya 2022-ci ildə nəql etdiyimiz qazın həcmində də artımlar var. Bu isə Avropanın qaza olan tələbinin ödənilməsində Azərbaycanın payının artması anlamına gəlir. 2025-ci ildə Azərbaycan Avropaya qazın nəqlini illik olaraq ən azı 20 milyard kubmetrə çatdırmaq niyyətindədir. Avropa ölkələrinin Azərbaycandan mavi yanacaq almaq istəyi isə təbii olaraq dövlət gəlirlərinə müsbət təsir göstərir və göstərəcək. Çünki Avropa həm yüksək qiymətləri olan, həm də dayanıqlı bir bazardır”.
Mütəxəssis bu ilin yeddi ayında Azərbaycanın qaz ixracatının 12,9 milyard kubmetr həcmində olduğunu diqqətə çatdırıb:
“Bu, əvvəlki illə müqayisədə 24 faiz çoxdur. Həmin qazın 4,8 milyard kubmetri Türkiyəyə, 1,6 milyard kubmetri Gürcüstana, 6,5 milyard kubmetri isə Avropaya ixrac olunub. Əlavə olaraq Türkiyəyə TANAP vasitəsilə 3,2 milyard kubmetr də qaz nəql olunub. Bütün bu rəqəmlər dövlət gəlirlərinə müsbət təsirdən və daha çox valyutanın ölkəyə daxil olmasından xəbər verir. Bu ilin ilk beş ayında Azərbaycanın qaz satışından əldə etdiyi gəlir neft satışından əldə etdiyi gəlirlərə yaxınlaşıb. Amma bütün hallarda Azərbaycan stabil qiymətlərdə maraqlıdır, çünki yüksək qiymətlər volatilliyi artırır”.
Xatırladaq ki, “Qazprom” ötən həftə işlək vəziyyətdə qalan yeganə qaz-nasos qurğusunun təmiri ilə əlaqədar avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” ilə qaz nəqlinin tamamilə dayandırılacağını elan etdi.