E-mail: [email protected]
Laçının AZAD OLUNMASI İlham Əliyevin aktivində ən gözəl yerlərdən birini tutur.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri ordumuzun bölmələri tərəfindən tam nəzarətə götürüldü. Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olaraq şəhərin mərkəzində şanlı bayrağımızı dalğalandırdılar. Dövlət baçşısı “Tvitter” səhifəsində paylaşım edərək xalqa sevindirici müjdəni verdi. Son aylarda gündəmin ən aktual problemlərindən olan Laçın şəhərinin, eyni zamanda, Zabux və Sus kəndlərinin boşaldılması cəmiyyətdə ciddi müzakirə mövzusu idi. Ermənilərin 44 günlük müharibədən sonrakı öhdəliklərini icra etməməsinin, müxtəlif bəhanələr gətirdiklərinin şahidi olduq.
Bu istiqamətdə çoxsaylı təxribatlar törədildi. Lakin “Qisas” əməliyyatı nəticəsində ermənilərə bir daha izah olundu ki, Azərbaycanın dəmir yumruğu yerindədir. Ali Baş Komandanın siyasi iradəsinə yaxşı bələd olan ermənilər Laçın dəhlizi üçün onlara verilən vaxta, avqustun 25-dək şəhərin mərkəzini, o cümlədən Zabux və Sus kəndlərini tamamilə boşaltdılar. Təbii ki, bütün bunlar Ermənistanın Azərbaycan qarşısında tam aciz vəziyyətə düşdüyünü göstərir. Ermənilər müxtəlif bəhanələrlə öhdəliklərdən yayınmağa çalışsalar da, Azərbaycan Prezidentinin düşünülmüş siyasəti və qəti addımları sayəsində mövcud reallığı dərk etmək məcburiyyətində qaldılar. Bu məcburiyyət 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bütün bəndlərinin qeyd-şərtsiz icra olunmasıdır. Üçtərəfli bəyanatın imzalanması bir tərəfdən Ermənistanı kapituliyasiyaya məcbur etdi, digər tərəfdən Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlət və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu. Bəyanatın vacib məqamlarından biri insan tələfatının, qan tökülməsinin qarşısının alınması, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq mədəni əlaqələrin, iqtisadi, sosial və ekoloji təhlükəsizliyin təmin edilməsidir. Azərbaycanın əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, ölkəmizin suverenliyinin tam bərpa olunmasıdır. Bu proses öz növbəsində ölkəmizlə yanaşı, regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edən amildir. Bəyanatın 6-cı bəndində Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası ilə bağlı anlaşmanın qəbul olunması bu ərazilərdən didərgin salınmış həmvətənlilərimizin geri dönüş hüququnun təmininə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım idi. Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və regionda artıq yeni reallıqların mövcud olduğunu bir daha açıq-aşkar göstərir. O baxımdan Ermənistan Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Şübhə etmirik ki, Azərbaycan dövləti öz hədəflərinə doğru addım-addım irəliləyərək, bütün ərazilərimiz üzərində suveren hüquqlarımızı tam bərpa edəcək. Sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.
Millət vəkili Çingiz Qənizadə “Şərq”ə açıqlamasında bildirib ki, Laçın şəhərinin mərkəzinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması istiqamətində çox ciddi iş aparılıb. Deputatın sözlərinə görə, erməni tərəfi müxtəlif bəhanələrlə, cığallıqlarla çalışırdı ki, Laçın dəhlizinə alternativ olan yeni yolun istifadəsini avqustun sonunadək yubatsın:
“Ermənilər Zabux və Sus kəndlərinin boşaldılmasını ləngidirdi. Sözün açığı, cəmiyyətimizdə də birmənalı yanaşma yox idi. Müəyyən kəsim israrlı şəkildə həmin bölgəyə ordumuzun girməsini təkid və tələb edirdilər. Sapı özümüzdən olan baltalar da təxribatçı açıqlamalar verirdilər və s. Amma cənab Prezidentin tviterdəki paylaşımından gördük ki, Azərbaycan Ordusu deyilən vaxtda Laçın şəhərinin mərkəzini və iki yaşayış məntəqəsini nəzarətə götürüb. Qansız-qadasız, heç bir silah işlətmədən bu istəyimizə də nail olduq. Təbii ki, bu, cənab dövlət başçısının siyasəti və diplomatik gedişlərinin nəticəsidir.
Növbəti məsələlər Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərimizdə də dövlətimizin nəzarətinin bərpa olunmasıdır. Səbrli olmaq lazımdır. Cənab Prezidentin dediyi kimi o, nəyi, necə və nə vaxt edəcəyini çox yaxşı bilir. Heç kimin şübhəsi olmasın ki, Xankəndi və ətraf rayonlarda da Azərbaycan dövlətinin nəzarəti reallaşacaq. Həmin bölgələrdə Azərbaycan qanunlarının və dövlət idarəçiliyinin tətbiqinin şahidi olacağıq. Dövlətimiz və ölkə başçısı cənab İlham Əliyev bu istiqamətdə işlərini davam etdirir. Mən Laçın şəhərinin mərkəzinin və iki məntəqənin azad olunması münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm”.