24 
sen
2022
11:27
65

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan və İndoneziya prezidentləri arasında məktub mübadiləsi olub

24 sen, 2022
11:27
1665

Azərbaycan və İndoneziya prezidentləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olması münasibətilə məktub mübadiləsi həyata keçiriblər.
Prezident.az-ın məlumatına görə, İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir:
“Bu əlamətdar gün - 1992-ci il sentyabrın 24-də İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə İndoneziya hökuməti və xalqı adından Zati-alinizə səmimi salamlarımı və təbriklərini çatdırıram.
Fürsətdən istifadə edərək İndoneziyanın müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin genişlənməsinə verdiyi önəmi bir daha vurğulayıram. Ümidvaram ki, müxtəlif beynəlxalq forumlarda Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyik. Eyni zamanda, qlobal çağırışların hökm sürdüyü bir vaxtda hökumətlərimiz xalqlarımızın rifahı naminə ərzaq və enerji təhlükəsizliyini daha yaxşı təmin etmək üçün əməkdaşlığı bundan sonra daha da inkişaf etdirməlidir.
Cənab Prezident, son 30 il ərzində sürətlə inkişaf edən əməkdaşlığa və möhkəmlənən dostluğa görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı ifadə edirəm.
Zati-aliləri, Sizə və Azərbaycan xalqına xoşbəxtlik, möhkəm cansağlığı və tərəqqi arzulayıram.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.
Prezident.az-ın məlumatına görə, Prezident İlham Əliyevin İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya ünvanladığı məktubda deyilir:
“Hörmətli cənab Prezident, Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost xalqınızı səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Ötən onilliklər ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni pilləyə qaldırılması, əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar vardır.
İndoneziya Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq. Biz ölkənizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın haqq işini davamlı dəstəkləməsini yüksək qiymətləndirir, bunu həmrəyliyimizin və dostluğumuzun həqiqi təzahürü kimi dəyərləndiririk.
Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-İndoneziya əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bizimlə əlaqə saxlayın