E-mail: [email protected]
Problemlərdən zara gələn Mingəçevir sakinləri - TƏFƏRRÜAT
Bildiririk ki, "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımız artıq canlı yayımlarına start verib.
Canlı efir başladığından bəri də efirə bağlanıb, canlı yayımda şikayət və müraciətlərini ictimailəşdirmək istəyən vətəndaşların sayı daha da artıb.
Belə ki, "Kamalın zamanı" proqramına zəng edərək, canlı yayıma bağlanan və oğlunun işsiz, eyni zamanda, 44 günlük vətən müharibəsi zamanı döyüşdə aldığı qəlpə yaraları, həmçinin ciddi psixoloji sarsıntılarından dolayı səhhətindəki bütün problemlərdən və müalicəsi üçün maddi imkanlarının olmadığından danışan ananı yəqin ki, izləmisiniz.
Xatırlatmaq üçün, qeyd edirik ki, ana deyir, "Mingəçevir şəhərində yaşayırıq. Oğlum - Babayev Rasim Asim oğlu müharibə iştirakçısıdır. Müharibə zamanı qəlpə yaraları və kəllə-beyin travması alıb, üstəlik də döyüş zamanı keçirdiyi psixoloji sarsıntılar onu məhv edir. Müalicə etdirmək imkanım yoxdur. Təzə yaralananda xəstəxanada həkim ona sakitləşdirici dərmanlar yazmışdı və demişdi ki, "Həmişə bu dərmanlardan istifadə etsin". Onu da nə vaxt içirirəm, uşaq saatlarca yatır. Nə vaxta qədər yatacaq bu?!.
Maddi sıxıntılar da bir yandan sıxır. Düşündüm, bəlkə bir işdə işləsə həm başı qarışar, həm ən azından maddi sıxıntıları qismən azalmış olar. Odur ki, dəfələrlə mən də, oğlum özü də iş üçün Məşğulluq mərkəzinə, Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Elə deyirlər "iş yoxdur, olanda deyərik". Amma, görürəm, eşidirəm işdən çıxanlar, işə alınanlar o qədər var ki."
Yayım efirə getdikdən az sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi yayımın şərh bölməsində cavab verdi ki, "Rasim Babayev Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdadır və 178-ci sıradadır."
Bəli, bu 178-i iki il gözləyən Rasimin bundan sonra daha nə qədər gözləyəcəyini adəm övladlarından kimsə bilmir.
Yeri gəlmişkən, qəhrəman oğul yetişdirən ananın ardından daha bir Mingəçevir şəhər sakini Sərdar Əsgərov, həmçinin Elçin Həsənzadə redaksiyamıza zəng edib, canlı yayıma qoşulmaq istədiklərini bildirdilər.
Hər iki şəxs sosial durumu və işsizlikdən gileylənir.
Qeyd edək ki, Elçin Həsənzadə əvvəllər mediada çalışıb. Özünün dediyinə görə, Sumqayıt şəhərinin keçmiş İcra başçısı, həmçinin Mingəçevir şəhər İcra başçısı haqqında faktlar və tənqidi yazılar yazdığına görə həbs olunub. Həbsdən çıxdıqdan sonra bilib ki, həbsdə olduğu müddətdə onu rəsmi qeydiyyatda olduğu Sumqayıt şəhərində qeydiyyatdan çıxarıblar. Sonra çox çətinliklə Sumqayıt şəhərində qohumunun evinə müvəqqəti qeydiyyata düşüb.
Özü də ailəsi və azyaşlı övladıyla maddi sıxıntıları, həmçinin işsizlik problemi ilə çarpışır.
Məşğulluq mərkəzində qeydiyyatda olsa da hələ də heç bir işlə təmin olunmayıb.
Sərdar Əsgərov.
Bu şəxs də Mingəçevir şəhər sakinidir. İki oğul övladı var.
Əsgər atasıdır.
Bildirir ki, "İşsizəm. Səhhətimdə olan problemimdən dolayı az məbləğdə sosial müavinət alıram. Lakin, məbləğ heç özümü idarə etməyə yetmir, o ki qaldı ailəmi dolandırmaq.
Mingəçevir şəhərində iş üçün müraciət etmədiyim istər dövlət olsun, istər özəl müəssisə qalmayıb.
Məşğulluq mərkəzi də elə deyir "iş yoxdur". Amma, mən də bu şəhərdə yaşayıram, mənə iş yoxdur deyə-deyə kimləri haralarda, hansı şərtlərlə işə götürürlər görürəm, eşidirəm."
Yeri gəlmişkən, Mingəçevir şəhər Sakinləri tərəfindən redaksiyamıza daha bir ilginc məlumat daxil olub.
Bildiyimiz kimi bu günlərdə erməni təxribatı nəticəsində 70-dən çox şəhid verdik.
Bu "Azərbaycanlıyam" deyən hər kəsin acısıdır.
Lakin, sakinlərin redaksiyamıza bildirdiyinə görə, "Evlərə şəhid gəldiyi bir vaxtda, İcra başçısı İlham İsmayılovun çox yaxın qohumu - iş adamı Ağahəsən Şükürovun sahibi olduğu "Billur" və "Zümrüd" şadlıq saraylarında hər gün "vur çatlasın" imiş. Toylar, doğum günləri və sair..."
Bildiririk ki, İlham İsmayılovun bu qohumunun oğlu Taryel Şükürov da Şəhər İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyir.
Qeyd edək ki, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyevin də İlham İsmayılovla "kirvə" olduğu və hətta onu hazırkı vəzifəsinə İlham İsmayılovun "seçdiyi' deyilir.
Eyni zamanda, Başçının əmisi oğlu Nəriman İsmayılovun "az-Qress" qəsəbəsi adlanan ərazidə İcra nümayəndəsi vəzifəsini icra etdiyi də əldə etdiyimiz məlumatlara daxildir.
Deyilənə görə, hələ bu da hamısı deyil.
Bunun da nə anlama gəldiyi hər kəsə aydındır əlbəttə.
P.S: Qeyd edilənlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
DogruXeber.az